image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir

image-legitimaz-810x90

Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir.

 

Təbiət insan həyatının ayrılmaz hissəsidir. Təmiz hava, saf su, meşələr, dağlar və yaşıllıqlar hər bir insan üçün vacibdir. Ölkəmizin yeraltı sərvətləri iqtisadi inkişaf üçün böyük imkanlar yaratsa da, onların istifadəsi zamanı təbiətin qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə səsləndirdiyi “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” fikri də bu məsələnin nə qədər vacib olduğunu göstərir.

Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkədir. Yeraltı sərvətlərimiz arasında qızıl, mis, dəmir filizi və digər faydalı qazıntılar xüsusi yer tutur. Bu sərvətlərdən istifadə ölkə iqtisadiyyatının inkişafına, yeni istehsal sahələrinin yaranmasına və insanların məşğulluğunun artmasına imkan verir. Qarşıdakı dövrdə dağ-mədən və metallurgiya sənayesinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu sahənin inkişafı yalnız faydalı qazıntıların çıxarılması ilə məhdudlaşmamalıdır. Əsas məqsədlərdən biri hasil olunan xammalın ölkə daxilində emal edilməsi və hazır məhsula çevrilməsidir. Bununla yeni müəssisələrin yaradılması, sənayenin inkişafı və müxtəlif sahələrdə iş imkanlarının genişlənməsi üçün şərait yarana bilər. Eyni zamanda, bütün bu işlər görülərkən ətraf mühitin qorunması əsas şərtlərdən biri olmalıdır. Mədənlərin fəaliyyəti zamanı torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması, ekoloji tələblərə ciddi əməl olunması vacibdir. Prezident İlham Əliyev də müşavirədə dağ-mədən layihələri həyata keçirilərkən ekoloji normaların ən yüksək səviyyədə qorunmasının vacibliyini vurğulayıb. Təbiətə qayğı yalnız dövlət qurumlarının deyil, müəssisələrin və hər bir vətəndaşın məsuliyyətidir. İqtisadi inkişafla ətraf mühitin qorunması bir-birinə zidd anlayışlar deyil. Əksinə, düzgün yanaşma ilə həm ölkənin təbii sərvətlərindən səmərəli istifadə etmək, həm də təbiəti qorumaq mümkündür.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də təbii sərvətlərin araşdırılması və iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində işlər aparılır. Bu ərazilərdə həyata keçirilən layihələr regionların inkişafına, yeni iş yerlərinin açılmasına və iqtisadi fəallığın artmasına şərait yarada bilər. Lakin həmin ərazilərin zəngin təbiətinin qorunması da diqqətdə saxlanılmalıdır. Bu gün əsas məsələ təbii sərvətlərdən istifadə edərkən gələcəyi də düşünməkdir. Yeraltı sərvətlər iqtisadiyyat üçün mühüm imkanlar yaradır, lakin təbiətin sağlam və qorunmuş vəziyyətdə saxlanılması insanların həyatına birbaşa təsir edir. Meşələr, çaylar, dağlar və təmiz ətraf mühit gələcək nəsillərə çatdırılmalı olan ümumi sərvətimizdir. Prezident İlham Əliyevin səsləndirdiyi fikir də məhz bu yanaşmanı ön plana çəkir: ölkənin sərvətlərindən istifadə etmək lazımdır, amma bunu təbiətə zərər vermədən və ekoloji qaydalara əməl etməklə həyata keçirmək vacibdir. Azərbaycan qarşıdakı illərdə dağ-mədən və metallurgiya sənayesini inkişaf etdirərkən iqtisadi imkanlarla yanaşı, təbiətin qorunmasını da diqqətdə saxlamalıdır. Çünki təbiət bu günümüzün də, gələcəyimizin də ən qiymətli sərvətlərindən biridir.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki