Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir.
Bir ölkənin zənginliyi yalnız onun yeraltı sərvətləri, istehsal etdiyi məhsullar və iqtisadi göstəriciləri ilə ölçülmür. Həmin ölkənin təmiz havası, suyu, meşələri, dağları və geniş təbiəti də gələcək nəsillər üçün ən böyük sərvətlərdəndir. İqtisadi inkişaf nə qədər vacibdirsə, bu sərvətlərin qorunması da bir o qədər əhəmiyyətlidir. Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. Yeraltı sərvətlərimizin öyrənilməsi və iqtisadiyyata cəlb edilməsi ölkənin sənaye inkişafı üçün yeni imkanlar yaradır. Lakin bu proses zamanı təbiətin qorunması əsas şərtlərdən biri olmalıdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib: “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir”. Bu fikir yeni sənaye layihələrində iqtisadi maraqlarla ekoloji tələblərin birlikdə nəzərə alınmasının vacibliyini göstərir.
Dağ-mədən sənayesinin inkişafı böyük iqtisadi imkanlar yarada bilər. Yeni yataqların istismarı, zavodların yaradılması, istehsalın və ixracın artırılması ölkə iqtisadiyyatına töhfə verə bilər. Lakin bütün bunlar müasir ekoloji standartlara uyğun həyata keçirilməlidir. Xüsusilə mədən layihələrində ətraf mühitə təsirin əvvəlcədən qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Torpağın, su mənbələrinin və digər təbii ehtiyatların qorunması üçün müasir texnologiyalardan istifadə edilməli, ekoloji tələblərə ciddi əməl olunmalıdır. Prezident İlham Əliyev də müşavirədə xarici tərəfdaşlardan ekoloji normaların ən yüksək standartlara uyğun olmasını tələb etdiyini bildirib. Bu yanaşma onu göstərir ki, Azərbaycanın qarşısında duran məqsəd yalnız yeraltı sərvətlərdən istifadə etmək deyil. Əsas məqsəd həmin sərvətlərdən səmərəli yararlanmaqla yanaşı, təbiətin gələcək nəsillər üçün qorunmasıdır.
2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı çərçivəsində dağ-mədən və metallurgiya sənayesində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Yeni istehsal müəssisələrinin yaradılması, filizin emalı və son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması ölkənin sənaye potensialını genişləndirə bilər. Lakin sənayenin inkişafı ilə ekologiyanın qorunması arasında düzgün tarazlığın yaradılması vacibdir. Müasir dünyada iqtisadi layihələrin uğuru yalnız istehsal olunan məhsul və əldə edilən gəlirlə deyil, həm də ətraf mühitə münasibətlə qiymətləndirilir. Azərbaycanın dağları, meşələri, çayları və digər təbii sərvətləri xalqımızın ümumi sərvətidir. Bu sərvətləri qorumaq hər birimizin vəzifəsidir. Yeraltı sərvətlər bir gün tükənə bilər, lakin sağlam və təmiz təbiət gələcək nəsillərə ötürülməli olan əvəzsiz mirasdır. Ona görə də qarşıdakı illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı həyata keçiriləcək layihələrdə həm iqtisadi səmərəliliyin, həm də ekoloji təhlükəsizliyin təmin olunması mühüm şərt olaraq qalacaq. Təbiət qorunduğu halda iqtisadi inkişafın nəticələri daha uzunmüddətli və davamlı ola bilər. Azərbaycanın təbii sərvətlərindən istifadə etmək vacibdir, lakin onlardan məsuliyyətlə istifadə etmək daha vacibdir. Çünki gələcək nəsillərə yalnız inkişaf edən iqtisadiyyat deyil, həm də qorunmuş, təmiz və sağlam Azərbaycan qoymaq əsas məqsədlərdən biri olmalıdır.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova


















