Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları
2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində həm ağır sınaqların, həm də xalqımızın milli iradəsinin, mübarizə əzminin və qəhrəmanlığının nümayiş olunduğu taleyüklü bir gün kimi yadda qaldı. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif istiqamətlərdə yerləşən hərbi mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması uzun illər davam edən təcavüzkar siyasətin növbəti və daha genişmiqyaslı mərhələsinə çevrildi.
Ermənistanın törətdiyi təxribatlar təsadüfi insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı əvvəlcədən formalaşdırılmış hərbi-siyasi strategiyanın tərkib hissəsi idi. Belə ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də Noyemberyan rayonunun Şavarşavan kəndindəki mövqelərindən Qazax rayonu ərazisində yerləşən adsız yüksəkliklərdəki mövqelərimizi, Krasnoselsk rayonu ərazisindəki mövqelərindən isə Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində və digər yüksəkliklərdəki mövqelərimizi atəşə tutdu. Eyni zamanda, işğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığındakı mövqelərdən, eləcə də Goranboy və Tərtər rayonları ərazilərindəki yüksəkliklərdən Azərbaycan Ordusunun mövqelərinə hücumlar həyata keçirildi.
Bu hücumlar Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozmaqla yanaşı, münaqişənin yeni və daha genişmiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu. Azərbaycan Ordusu düşmənin təxribatlarına qətiyyətlə cavab verdi. Mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlandı. Beləliklə, xalqımızın tarixində Vətən müharibəsi kimi əbədi yaşayacaq 44 günlük mübarizə başlandı.
Həmin günlərdə Azərbaycan cəmiyyəti bir yumruq kimi birləşdi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin arxasında milyonlarla insanın dəstəyi, inamı və duası dayanırdı. Yaşından, peşəsindən və sosial mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı Vətənin müdafiəsini özünün müqəddəs borcu hesab edirdi. Könüllülərin ordu sıralarına qoşulmaq istəyi, gənclərin vətənpərvərlik ruhu, xalqın dövlət başçısının ətrafında sıx birləşməsi milli həmrəyliyin misilsiz nümunəsinə çevrildi.
27 sentyabr təxribatlarının ən mühüm tarixi nəticəsi Azərbaycanın öz torpaqlarını hərbi-siyasi yolla azad etmək əzmini bütün dünyaya nümayiş etdirməsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək düşmənin uzun illər ərzində qurduğu müdafiə sədlərini darmadağın etdi. Şuşanın azad edilməsi ilə hərbi əməliyyatların taleyi həll olundu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiyaya məcbur edildi.
Bu gün 27 sentyabr yalnız müharibənin başlandığı tarix deyil, həm də Azərbaycanın öz haqqını müdafiə etmək əzminin, milli birliyinin və tarixi ədalətə qovuşmaq iradəsinin rəmzidir. Həmin gün başlanan mübarizə 8 Noyabr – Zəfər Günü ilə nəticələndi və xalqımızın yaddaşında əbədi yer aldı. 27 sentyabr hadisələri bir daha göstərdi ki, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq hər bir dövlətin ən ali vəzifəsidir. Azərbaycan xalqı bu tarixi sınaqdan qalib çıxdı. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin qəhrəmanlığı hesabına əldə edilən Zəfər isə gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də Vətənə sədaqət nümunəsi olaraq yaşayacaq.
Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini























