image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

Dövlətçiliyimizin ideoloji təməli

image-legitimaz-810x90

Dövlətçiliyimizin ideoloji təməli

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını və ideoloji dəyərlərini özündə birləşdirən müqəddəs dövlət rəmzidir. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri təsadüfi seçilməmiş, Azərbaycan xalqının milli istiqlal məfkurəsinin üç mühüm prinsipini özündə əks etdirmişdir.

XX əsrin əvvəllərində Azərbaycan milli düşüncəsinin formalaşmasında mühüm rol oynamış görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideyaları üçrəngli bayrağımızın ideoloji əsasını təşkil edir. Bayrağımızın mavi rəngi türkçülüyü, xalqımızın milli mənsubiyyətini, ortaq tarixini, dilini və mədəniyyətini ifadə edir. Bu rəng Azərbaycan xalqının türk dünyasının ayrılmaz hissəsi olduğunu, milli köklərinə və tarixi irsinə bağlılığını nümayiş etdirir.

Qırmızı rəng müasirliyi, inkişafı və tərəqqini simvolizə edir. Bu rəng xalqımızın demokratik dəyərlərə, hüquqi dövlət quruculuğuna, elmin və təhsilin inkişafına, müasir dünya ilə inteqrasiyaya sadiqliyinin ifadəsidir. Məhz bu prinsip Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu təcrübəsində də öz əksini tapmışdır.

Yaşıl rəng isə islam sivilizasiyasına, milli-mənəvi dəyərlərə və mənəvi irsimizə bağlılığımızı təcəssüm etdirir. Bu rəng xalqımızın əsrlər boyu formalaşmış dini-mədəni ənənələrinə hörmətini, mənəvi zənginliyini ifadə edir. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da onun tarixi və rəmzi mahiyyətini tamamlayır. Bu elementlər üçrəngli bayrağımızın milli-mənəvi və dövlətçilik məzmununu daha da zənginləşdirir.

Azərbaycanın müasir inkişafı göstərir ki, bayrağımızın ifadə etdiyi ideoloji prinsiplər bu gün də öz aktuallığını qoruyur. Milli kimliyə bağlılıq, müasir inkişaf və mənəvi dəyərlərə hörmət müstəqil dövlətimizin əsas dayaqlarıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də bu prinsiplər mühüm yer tutur. Azərbaycan həm milli-mənəvi dəyərlərini qoruyan, həm də müasir dünyanın çağırışlarına uyğun inkişaf edən dövlətdir. Üçrəngli bayrağımız yalnız dövlət atributu deyil, xalqımızın keçmişini, bu gününü və gələcək hədəflərini birləşdirən ideoloji manifestdir. Onun hər bir rəngi milli birliyimizin və dövlətçilik düşüncəmizin ayrılmaz hissəsidir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki