Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur
Hər bir müstəqil dövlətin özünəməxsus atributları vardır. Dövlət bayrağı, gerbi və himni həmin dövlətin suverenliyini, milli kimliyini və tarixi varlığını ifadə edən müqəddəs rəmzlərdir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı da xalqımızın azadlıq mübarizəsinin, dövlətçilik ənənələrinin və milli birliyinin təcəssümüdür. Dövlət rəmzlərinə hörmət yalnız mənəvi dəyər deyil, həm də hər bir vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – Bayrağına, Gerbinə və Himninə hörmət etməlidir.
Bu müddəa dövlət rəmzlərinin cəmiyyətdəki yüksək mövqeyini və onların qorunmasının hüquqi əhəmiyyətini müəyyən edir. Dövlət rəmzlərinə hörmətsizlik nümayiş etdirilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər. Bayrağa ehtiram, ilk növbədə, Vətənə, dövlətə və xalqın tarixinə hörmət deməkdir. Üçrəngli bayrağımızın qarşısında ehtiramla dayanmaq, onun mənasını və tarixini bilmək, dövlət atributlarına hörmət ruhunda böyümək hər bir Azərbaycan vətəndaşının mənəvi məsuliyyətidir.
Bu baxımdan gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik düşüncəsi əsasında tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisələrində, ailələrdə və ictimai mühitdə dövlət rəmzlərinin tarixi və mahiyyəti haqqında biliklərin aşılanması gələcək nəsillərin dövlətçilik dəyərlərinə bağlılığını gücləndirir. Ümummilli Lider Heydər Əliyev dövlət bayrağının əhəmiyyətindən danışarkən onun müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olduğunu xüsusi vurğulamışdır. Bu yanaşma dövlət rəmzlərinə münasibətin yalnız rəsmi mərasimlərlə məhdudlaşmadığını, gündəlik həyatda da qorunmalı olduğunu göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası üçrəngli bayrağımızın daşıdığı mənanı daha da ucaldıb. Bu gün bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xalqımızın birliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Unutmayaq ki, bayrağa hörmət dövlətə hörmət, dövlətə hörmət isə Vətənə sədaqətdir. Üçrəngli bayrağımızı daim uca tutmaq, onun şərəfini qorumaq və gələcək nəsillərə bu müqəddəs dəyərləri aşılamaq hər birimizin vətəndaşlıq borcudur.
Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini
























