Dövlət dili uğrunda ardicil mübarizə aparan ulu öndər heydər əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini özündə yaşadan ən mühüm mənəvi sərvətlərdən biridir. Bu dil əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçmiş, yad təsirlərə və siyasi təzyiqlərə baxmayaraq xalqın milli varlığını qoruyub saxlamışdır. XX əsrin ikinci yarısında isə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində aparılan mübarizənin önündə Ulu Öndər Heydər Əliyev dayanmışdır. Onun siyasi qətiyyəti, uzaqgörənliyi və milli maraqlara sadiqliyi sayəsində Azərbaycan dili ən mürəkkəb siyasi şəraitdə belə öz hüquqi statusunu qorumuş, müstəqillik dövründə isə dövlət quruculuğunun əsas sütunlarından birinə çevrilmişdir. 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. O dövrdə Sovet İttifaqında rus dilinin üstün mövqeyi daha da gücləndirilir, ittifaq respublikalarında milli dillərin ictimai və siyasi həyatda rolu məhdudlaşdırılırdı. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin inkişafı, onun təhsil, mədəniyyət, elm və dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirdi. Respublikanın ali və orta ixtisas məktəblərində Azərbaycan dilində dərsliklərin hazırlanması, milli ədəbiyyatın nəşri, teatr və mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ana dilində televiziya və radio verilişlərinin artırılması həmin siyasətin mühüm istiqamətlərini təşkil edirdi. Ulu Öndərin dövlət dili uğrunda mübarizəsinin ən parlaq nümunələrindən biri 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyası ilə bağlıdır. Həmin dövrdə SSRİ-də yeni konstitusiyaların hazırlanması prosesində milli dillərin dövlət dili kimi təsbit edilməsinə ehtiyatla yanaşılır, rus dilinin ümumittifaq məkanında aparıcı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində siyasət həyata keçirilirdi. Belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyev böyük qətiyyət nümayiş etdirərək Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapmasına nail oldu. 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. Bu, Sovet dövrünün sərt ideoloji şəraitində milli maraqların qorunması istiqamətində atılmış ən mühüm addımlardan biri idi və Ulu Öndərin cəsarətli siyasi iradəsinin bariz nümunəsi kimi tarixə düşdü. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, dil xalqın milli sərvətidir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Onun təşəbbüsü ilə Azərbaycan klassiklərinin irsi geniş şəkildə nəşr edilir, ana dilinin zənginliyini əks etdirən elmi araşdırmalar dəstəklənir, dilçilik elminin inkişafına xüsusi diqqət yetirilirdi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər elm-mədəniyyət müəssisələrinin fəaliyyətinə göstərilən dövlət qayğısı da milli dil siyasətinin mühüm tərkib hissəsi idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət dili siyasətini yeni mərhələyə yüksəltdi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bununla da dövlət dilinin hüquqi əsasları ən yüksək normativ sənəddə öz əksini tapdı və ana dilinin qorunması dövlətin konstitusion vəzifəsinə çevrildi. Heydər Əliyev dövlət dilinin yalnız hüquqi statusunun müəyyən edilməsini kifayət hesab etmir, onun gündəlik həyatda, dövlət idarəçiliyində, təhsildə, elmdə və informasiya məkanında tətbiqinin genişləndirilməsini daim diqqət mərkəzində saxlayırdı. Onun rəhbərliyi ilə dövlət orqanlarında kargüzarlığın Azərbaycan dilində aparılması genişləndirildi, rəsmi sənədlərin ana dilində hazırlanması təmin edildi, milli terminologiyanın inkişafı istiqamətində mühüm addımlar atıldı. 2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edilməsi barədə qəbul olunan qərarlar Ulu Öndərin ana dilinə göstərdiyi yüksək qayğının növbəti təzahürü idi. Həmin ilin 9 avqust tarixli Fərmanına əsasən isə hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu qərar Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində verilən yüksək qiymətin və milli-mənəvi dəyərlərə hörmətin ifadəsi idi. Ulu Öndər Azərbaycan dilinin saflığının qorunmasını da mühüm vəzifə hesab edirdi. O bildirirdi ki, dil daim inkişaf etməlidir, lakin bu inkişaf milli dilin daxili qanunauyğunluqlarına uyğun olmalı, onun zənginliyi və saflığı qorunmalıdır. Məhz buna görə də Azərbaycan dilinin orfoqrafiya və terminologiya məsələlərinə xüsusi diqqət yetirilmiş, dilçilik sahəsində fundamental tədqiqatların aparılması üçün əlverişli şərait yaradılmışdır. Heydər Əliyevin dil siyasətinin əsas xüsusiyyətlərindən biri də milli maraqların beynəlxalq müstəvidə qorunması idi. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ana dilini unutmamalarını, milli-mədəni dəyərlərə bağlı qalmalarını daim tövsiyə edir, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycan dilində məktəblər və mədəniyyət mərkəzləri yaratmasını dəstəkləyirdi. Bu yanaşma ana dilinin yalnız ölkə daxilində deyil, dünya azərbaycanlılarının milli birliyinin əsas amillərindən biri kimi qiymətləndirildiyini göstərirdi. Ulu Öndərin müəyyən etdiyi dövlət dili siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi, dövlət dilinin normalarına əməl olunmasının gücləndirilməsi, Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət dili haqqında qanunvericilik təkmilləşdirilir, yeni lüğətlər hazırlanır, dilin elektron resursları zənginləşdirilir, təhsil sistemində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün mühüm layihələr icra olunur. Tarix təsdiq edir ki, Ulu Öndər Heydər Əliyev dövlət dili uğrunda mübarizəni yalnız siyasi fəaliyyətinin bir istiqaməti kimi deyil, Azərbaycan dövlətçiliyinin və milli varlığının qorunmasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirdi. Onun nümayiş etdirdiyi prinsipial və cəsarətli mövqe nəticəsində Azərbaycan dili ən mürəkkəb tarixi mərhələlərdə belə öz hüquqi statusunu qorumuş, müstəqillik dövründə isə dövlətimizin əsas rəmzlərindən birinə çevrilmişdir. Bu gün hər bir azərbaycanlının ana dilinə sevgi və ehtiramla yanaşması, onu qoruması və gələcək nəsillərə ötürməsi Ulu Öndərin müəyyən etdiyi milli dil siyasətinin ən böyük nailiyyətlərindən biri hesab olunur.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov




















