image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Dövlət bayrağının istifadəsi

image-legitimaz-810x90

Dövlət bayrağının istifadəsi

Dövlət bayrağı hər bir xalqın milli kimliyini, dövlət müstəqilliyini, suverenliyini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs rəmzlərdən biridir. Azərbaycan Respublikasının Dövlət bayrağı da xalqımızın azadlıq və istiqlal arzularının, milli birliyinin, dövlətçilik ənənələrinin ifadəsidir. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayrağımızın üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixi keçmişini və gələcəyə baxışını təcəssüm etdirir.

Dövlət bayrağına hörmət yalnız onu ucaltmaqla məhdudlaşmır. Bu hörmət, ilk növbədə, onun dövlət rəmzi kimi daşıdığı mənanı dərk etmək, qanunla müəyyən edilmiş qaydalara əməl etmək və hər bir şəraitdə onun nüfuzunu qorumaq deməkdir. Məhz buna görə də Azərbaycan Respublikasında Dövlət bayrağının istifadəsi hüquqi normalarla tənzimlənir.

Bu sahədə mühüm addımlardan biri 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun qəbul edilməsi olmuşdur. Həmin Qanun Dövlət bayrağının hansı hallarda, hansı məkanlarda və hansı formada istifadə olunmasını müəyyənləşdirməklə yanaşı, onun istifadəsinə dair tələbləri və məhdudiyyətləri də hüquqi baxımdan təsbit etmişdir. Bununla dövlət rəmzimizin qorunması, ona ehtiram göstərilməsi və istifadədə vahid qaydaların təmin olunması üçün möhkəm qanunvericilik əsası yaradılmışdır.

Qanunun mahiyyəti ondan ibarətdir ki, Dövlət bayrağına münasibət təsadüfi yanaşma deyil, hüquqi və mənəvi məsuliyyət məsələsidir. Bayrağımız dövlət orqanlarının inzibati binalarında, rəsmi tədbirlərdə, diplomatik nümayəndəliklərdə və qanunvericilikdə nəzərdə tutulan digər məkanlarda müəyyən edilmiş qaydada istifadə olunur. Eyni zamanda, bayrağın təsvirinin tətbiqi, onun qaldırılması, endirilməsi, saxlanılması və nümayiş etdirilməsi zamanı dövlət rəmzinin şərəf və ləyaqətinə uyğun davranılması tələb edilir.

Xüsusilə qeyd etmək lazımdır ki, Dövlət bayrağından istifadə zamanı onun rənglərinin, formasının və təsvirinin təhrif edilməsinə, eləcə də dövlət rəmzinin nüfuzuna xələl gətirə biləcək hallara yol verilməməlidir. Bu tələblər sadəcə formal hüquqi normalar deyil, dövlətçiliyə və milli dəyərlərə hörmətin ifadəsidir.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında qürurla dalğalanır. Bayrağımızın ucaldığı hər bir məkan dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və xalqımızın milli birliyinin rəmzinə çevrilib. Onun beynəlxalq tədbirlərdə, idman yarışlarında və diplomatik platformalarda nümayiş etdirilməsi də Azərbaycan dövlətinin tanınmasının və milli kimliyimizin təbliğinin mühüm ifadəsidir.

Dövlət bayrağından istifadə qaydalarına əməl etmək hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətinin tərkib hissəsidir. Bayrağa ehtiram dövlətə ehtiramdır. Onu qorumaq, uca tutmaq və gələcək nəsillərə eyni sevgi ilə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Çünki üçrəngli bayrağımız yalnız bu günümüzün deyil, müstəqil Azərbaycanın gələcəyinin də rəmzidir.

 

 

Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki