Dövlət bayrağına hörmət etmək, əslində, Vətənə, dövlətə və xalqımızın tarixinə hörmət etmək deməkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Həmin vaxtdan etibarən hər il bu tarix ölkəmizdə geniş qeyd olunur. Bu qərar Dövlət Bayrağımıza olan ehtiramın daha da artırılması, onun tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Dövlət Bayrağı üç rəngdən ibarətdir: mavi, qırmızı və yaşıl. Hər bir rəngin özünəməxsus mənası və daşıdığı dərin məzmun vardır. Mavi rəng türkçülük ideyasını, xalqımızın türk mənşəyini və milli kimliyini ifadə edir. Qırmızı rəng müasirliyi, inkişafı, demokratiyanı və müasir dövlət quruculuğu ideyalarını əks etdirir. Yaşıl rəng isə islam sivilizasiyasına və xalqımızın mənəvi dəyərlərinə bağlılığımızı göstərir.
Bayrağımızın ortasında yerləşən ağ rəngli aypara və səkkizguşəli ulduz da xüsusi məna daşıyır. Bu rəmzlər Azərbaycanın milli və tarixi irsinin ayrılmaz hissəsidir. Bayrağımızın hər bir elementi xalqımızın keçmişini, bu gününü və gələcəyə baxışını özündə birləşdirir. Üçrəngli bayrağımız yalnız dövlət rəmzi deyil, həm də milli birliyimizin, mənəvi bütövlüyümüzün və müstəqilliyimizin ifadəsidir.
Dövlət bayrağına hörmət etmək, əslində, Vətənə, dövlətə və xalqımızın tarixinə hörmət etmək deməkdir. Bayrağımızın dalğalandığı hər bir məkan Azərbaycan dövlətinin varlığını, müstəqilliyini və suverenliyini nümayiş etdirir. İstər ölkəmizdə, istərsə də dünyanın müxtəlif ölkələrində üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması hər bir azərbaycanlının qəlbində qürur hissi yaradır.
Azərbaycanın müstəqillik tarixində üçrəngli bayrağımızın xüsusi yeri vardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ağır siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşməsi xalqımız üçün böyük sınağa çevrildi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək və güclü dövlət qurmaq əzmindən dönmədi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitliyin təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi və müstəqil Azərbaycanın inkişafı istiqamətində mühüm addımlar atıldı. Dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza münasibət dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti sonrakı illərdə də uğurla davam etdirildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil dövlət kimi öz inkişaf yolunu inamla davam etdirir. Dövlətimizin beynəlxalq nüfuzu artır, iqtisadi potensialı güclənir, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunur. Azərbaycan dünyada öz milli maraqlarını qoruyan, müstəqil siyasət həyata keçirən və beynəlxalq münasibətlər sistemində öz mövqeyi olan dövlət kimi tanınır.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

























