Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən ən müqəddəs rəmzlərimizdən biridir.
Üçrəngli bayrağımızın hər dalğalanışı Azərbaycanın azadlıq mübarizəsinin, dövlət müstəqilliyi uğrunda aparılmış tarixi mücadilənin və milli birliyimizin ifadəsidir. Bu bayraq yalnız dövlət atributu deyil, həm də xalqımızın keçdiyi mürəkkəb tarixi yolun, milli-mənəvi dəyərlərə bağlılığının və gələcəyə inamının simvoludur.
Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Bu tarixin seçilməsi təsadüfi deyil. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə məhz 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Beləliklə, bu gün xalqımızın dövlətçilik tarixində mühüm yer tutan hadisənin xatirəsi yaşadılır, müstəqilliyimizin əsas rəmzlərindən birinə ehtiram nümayiş etdirilir.
Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı. Bu qərar o dövrün mürəkkəb siyasi şəraitində böyük cəsarət və prinsipiallıq tələb edirdi. Sovet hakimiyyətinin hələ mövcud olduğu bir zamanda milli dövlətçilik atributlarının bərpası istiqamətində atılan bu addım müstəqillik düşüncəsinin siyasi ifadəsinə çevrildi.
Dövlət bayrağının hüquqi statusu və istifadəsi də müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağı dövlət rəmzlərimizdən biri kimi təsbit olunmuşdur.
Dövlət rəmzlərinə ehtiram hər bir vətəndaşın konstitusion və mənəvi borcudur. Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bu tələb yalnız hüquqi öhdəlik kimi deyil, həm də vətəndaş məsuliyyətinin, dövlətə sədaqətin və milli mənsubiyyət hissinin ifadəsi kimi dərk edilməlidir. Bayrağa hörmət, əslində, onun təmsil etdiyi dövlətə, tarixə, xalqa və müstəqilliyə hörmətdir.
Ümummilli Lider Heydər Əliyevin dövlət rəmzlərimizlə bağlı fikirləri bu həqiqəti aydın şəkildə ifadə edir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Ulu Öndərin bu çağırışı hər bir azərbaycanlı üçün mühüm mənəvi istiqamətdir. Dövlət bayrağına sevgi yalnız bayram günlərində nümayiş etdirilən hiss deyil, gündəlik həyatımızda dövlətçiliyimizə, qanunlarımıza və milli dəyərlərimizə münasibətdə özünü göstərən şüurlu vətəndaş mövqeyidir.
Müstəqil Azərbaycanın inkişafı və dövlət rəmzlərimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də xüsusi əhəmiyyət daşıyır. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamın imzalanması bayrağımıza göstərilən dövlət ehtiramının mühüm nümunəsi idi. 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı keçirildi, həmin ilin noyabrın 9-da isə Dövlət Bayrağı Muzeyi fəaliyyətə başladı. Muzeydə Azərbaycan dövlətçilik tarixinin müxtəlif dövrlərinə aid bayraqlar, tarixi sənədlər və eksponatlar nümayiş etdirilərək milli yaddaşın qorunmasına xidmət edir.
2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı yenidən açıldı və Prezident İlham Əliyev burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Meydanın yenilənməsi, burada yaradılan müasir şərait və Dövlət Bayrağı Muzeyinin yeni ekspozisiyası dövlət rəmzlərimizə göstərilən diqqətin davamıdır. Muzeydə Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan “Zəfər qalereyası”nın nümayiş etdirilməsi bayrağımızın müasir tariximizdəki xüsusi yerini bir daha ön plana çıxarır. Bu məkan həm də gələcək nəsillərin ölkəmizin dövlətçilik tarixi, müstəqillik mübarizəsi və ərazi bütövlüyümüzün bərpası haqqında məlumat əldə etməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Üçrəngli bayrağımızın tarixində ən qürurverici səhifələrdən biri onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmasıdır. Uzun illər işğal altında qalan ərazilərimizdə Azərbaycan bayrağının ucaldılması dövlət müstəqilliyimizin və suverenliyimizin real təcəssümünə çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Zəfər milli tariximizin yeni mərhələsini başlatdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanır.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı həmin torpaqlarda Dövlət Bayrağını ucaltması tarixi və rəmzi məna daşıyır. Bu, yalnız əraziyə dövlət nəzarətinin bərpası deyil, həm də xalqımızın tarixi ədalətə qovuşmasının, milli iradəsinin və dövlət suverenliyinin təsdiqidir. Bayrağımızın Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda, Füzulidə və digər azad edilmiş ərazilərimizdə dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Dövlət bayrağımız bu gün beynəlxalq təşkilatların qərargahları qarşısında, müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, beynəlxalq tədbirlərdə, idman yarışlarında və ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. Bu mənzərə Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi mövqeyini, milli suverenliyini və beynəlxalq nüfuzunu nümayiş etdirir. Bayrağımızın yüksəkliklərdə dalğalanması arxasında xalqımızın tarixi, əzmi, zəhməti və dövlətçilik iradəsi dayanır.
Dövlət Bayrağı Günü hər birimizə müstəqilliyimizin dəyərini, milli birliyimizin gücünü və dövlət rəmzlərimizə sahib çıxmağın vacibliyini xatırladır. Üçrəngli bayrağımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, milli həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının mühüm ifadəsidir. Onun daim uca tutulması yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir.
Dərya Əhmədova
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru
“Tərəqqi” medallı
























