image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Dondurulmuş münaqişə

image-legitimaz-810x90

Dondurulmuş münaqişə

Otuz ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün aparılan beynəlxalq danışıqların nəticəsiz qalması regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradırdı. Münaqişənin həlli üçün yaradılmış vasitəçilik mexanizmləri zaman keçdikcə real nəticə əldə etmək əvəzinə, mövcud vəziyyətin qorunub saxlanmasına xidmət edən təsirsiz platformaya çevrilmişdi.

1992-ci il martın 24-də ATƏM-in, sonradan ATƏT-in Minsk prosesinin əsasını qoyan qərar qəbul edildi. Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına vasitəçilik etməli idi. Lakin həmsədr dövlətlərin uzun illər davam edən fəaliyyəti işğalın aradan qaldırılmasına gətirib çıxarmadı.

Azərbaycan bütün danışıqlar prosesi boyunca beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Ölkəmiz münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində ardıcıl mövqe ortaya qoydu. Lakin Ermənistanın qeyri-konstruktiv siyasəti, danışıqlar prosesini uzatmaq cəhdləri və beynəlxalq vasitəçilərin təsirsizliyi münaqişənin həllini mümkünsüz edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməməsi beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu bir daha göstərirdi.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir və bu məqsədə nail olmaq üçün bütün zəruri vasitələrdən istifadə edəcəkdir. Dövlət başçısının prinsipial mövqeyi ölkənin siyasi və hərbi strategiyasının əsasını təşkil edirdi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini həll etdi, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə hərbi əməliyyatların dayandırılmasını təmin etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazilərində suverenliyi tam bərpa olundu. Bununla da uzun illər davam edən münaqişə mərhələsinə son qoyuldu. Azərbaycan sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqe, güclü dövlətçilik və qətiyyətli siyasi iradə nəticə etibarilə tarixi ədalətin bərpasını təmin edə bilər. Zəfər Günü isə bu mübarizənin ən parlaq və unudulmaz səhifəsidir.

 

Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki