image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-w_1716710822255969655375_1200x630-1

Cəbrayılın Yol İnfrastrukturu və Müasir Şəhərsalma İnkişafı

image-legitimaz-810x90

Cəbrayılın Yol İnfrastrukturu və Müasir Şəhərsalma İnkişafı

 

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması mühüm istiqamətlərdən biridir. Bu baxımdan Cəbrayıl rayonunda həyata keçirilən avtomobil yolu layihələri rayonun digər ərazilərlə nəqliyyat əlaqələrinin bərpasına, sosial-iqtisadi inkişafına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.

Cəbrayıl rayonunun yol infrastrukturunda mühüm layihələrdən biri Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yoludur. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçən bu yol Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələrinin mühüm hissəsini təşkil edir. Yolun ümumi uzunluğu 123,6 kilometrdir. Layihə çərçivəsində müxtəlif yolötürücülərinin, körpülərin, yeraltı keçidlərin və tunellərin inşası nəzərdə tutulmuşdur. Yol həmçinin regionun digər mühüm avtomobil yolları ilə əlaqələndirilir.

Cəbrayıl üçün mühüm əhəmiyyət daşıyan digər nəqliyyat layihəsi Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yoludur. Uzunluğu 43 kilometr olan bu yol Hadrut qəsəbəsindən başlayaraq Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində əsas magistral yol şəbəkəsinə birləşir. Yolun Cəbrayıl şəhəri ilə yanaşı, ətraf yaşayış məntəqələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və regionda iqtisadi fəallığın artırılmasına imkan yaratması nəzərdə tutulur.

Cəbrayılın gələcək inkişafının əsasını yalnız yolların deyil, müasir şəhərsalma prinsipləri əsasında planlaşdırılmış şəhər mühitinin yaradılması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Baş plan şəhərin bərpasını və inkişafını 2022–2026, 2027–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən dörd mərhələdə nəzərdə tutur.

Baş plana əsasən, birinci mərhələdə – 2026-cı ilin sonunadək – Cəbrayıl şəhərində təqribən 3 800 nəfərin məskunlaşması proqnozlaşdırılır. Bu mərhələdə inzibati mərkəz, Zəfər pavilyonu, Döyüş və İşğal muzeyləri, avtovağzal, təhsil və səhiyyə obyektləri, yaşayış zonaları, yaşıl parklar və digər ictimai infrastrukturların yaradılması nəzərdə tutulur. Sonrakı mərhələlərin başa çatması ilə 2040-cı ilin sonuna qədər şəhərdə ümumilikdə təqribən 15 500 nəfərin yaşaması proqnozlaşdırılır.

Baş planda yaşayış məhəllələrinin formalaşdırılması zamanı müasir şəhərsalma və memarlıq prinsiplərinə xüsusi diqqət yetirilir. Şəhərin yaşayış zonalarında çoxmənzilli binalarla yanaşı, fərdi yaşayış evlərinin də inşası nəzərdə tutulur. Bununla yanaşı, sosial obyektlərin, yaşıllıq ərazilərinin, ictimai-işgüzar zonaların, nəqliyyat və mühəndis infrastrukturlarının bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi planlaşdırılır. Baş planın hazırlanmasında şəhərin davamlı inkişafı, nəqliyyat və sosial infrastrukturun təkmilləşdirilməsi, həmçinin müasir şəhər mühitinin formalaşdırılması əsas götürülüb.

Bu gün Cəbrayıl rayonunda yol tikintisi ilə şəhərsalma və yaşayış məskənlərinin bərpası paralel şəkildə həyata keçirilir. Yeni magistrallar rayonun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir, Baş Plan isə Cəbrayıl şəhərinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir. Artıq Şükürbəyli–Cəbrayıl–Hadrut yolunun Cəbrayıl hissəsinin 14,2 kilometrlik bölümü istifadəyə verilmişdir.

Cəbrayılın yol infrastrukturu və 2040-cı ilədək inkişafına dair Baş Planı rayonun işğaldan sonrakı bərpasının bir-birini tamamlayan iki mühüm istiqamətini təşkil edir. Müasir yolların, yaşayış məhəllələrinin, sosial obyektlərin və mühəndis-kommunikasiya sistemlərinin yaradılması Cəbrayılın gələcəkdə dayanıqlı və müasir yaşayış məkanı kimi formalaşmasına əsas yaradır.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki