Cəbrayılın Yeni İqtisadi İnkişaf Mərkəzi – “Araz Vadisi İqtisadi Zonası”
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və burada dayanıqlı iqtisadi fəaliyyətin formalaşdırılması Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması həm rayonun, həm də bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmış və onun idarəçiliyi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilmişdir. Fərmanda Sənaye Parkının yaradılmasının əsas məqsədləri sırasında işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması müəyyən edilmişdir.
200 hektar ərazini əhatə edən Sənaye Parkı əlverişli coğrafi və logistika mövqeyinə malikdir. Parkın yeni salınan avtomobil və dəmir yollarının üzərində yerləşməsi onun gələcəkdə regional logistika və ticarət mərkəzinə çevrilməsi üçün imkanlar yaradır. Burada logistika və ticarət mərkəzinin, anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, TIR parkının, gömrük və yanacaqdoldurma məntəqələrinin, avtomobil və digər texnikaların təmiri və texniki xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.
Sənaye Parkında yalnız logistika və xidmət sahələrinin deyil, müxtəlif sənaye və istehsal istiqamətlərinin inkişafı da nəzərdə tutulur. Prioritet istiqamətlərə kənd təsərrüfatı və qida məhsullarının emalı, tikinti materiallarının istehsalı, maşınqayırma və avtomobil sənayesi, yüngül sənaye, alternativ enerji, aqrokimya, məişət kimyası, eləcə də müxtəlif texnikalara texniki xidmət göstərilməsi daxildir. Bu istiqamətlər Cəbrayılın iqtisadi potensialının bərpası və regionda yeni istehsal zəncirlərinin formalaşması baxımından əhəmiyyətlidir.
Sənaye Parkında sahibkarlıq fəaliyyətinin genişlənməsi artıq real göstəricilərlə müşahidə olunur. 2026-cı ilin may ayında verilmiş rəsmi məlumata əsasən, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Parkda həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən 48,3 milyon manatdan çox investisiya yatırılıb və 130-dan artıq iş yeri yaradılıb.
Sənaye Parkının inkişafı Cəbrayılın iqtisadi həyatının canlanması ilə yanaşı, regionda məşğulluğun artırılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və yerli istehsalın inkişafına da xidmət edir. Yeni müəssisələrin yaradılması, investisiyaların cəlb olunması və müasir infrastrukturun qurulması Cəbrayılın işğaldan əvvəlki iqtisadi potensialının bərpasına və daha müasir əsaslarla inkişafına zəmin yaradır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılın işğaldan azad edilməsindən sonra başlayan genişmiqyaslı bərpa və quruculuq prosesinin iqtisadi istiqamətdə mühüm nümunələrindən biridir. Burada formalaşan sənaye və logistika infrastrukturu Cəbrayılın gələcək iqtisadi inkişafında, regionlararası ticarət əlaqələrinin genişlənməsində və yeni iş imkanlarının yaradılmasında mühüm rol oynayır.
Cəbrayılın inkişafı artıq yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Müasir sənaye, logistika və sahibkarlıq infrastrukturu ilə Cəbrayılın yeni iqtisadi siması formalaşır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə bu inkişaf prosesinin mühüm dayaqlarından birini təşkil edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc























