image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-w_1716710822255969655375_1200x630

Cəbrayılın Tarixi-Mədəni İrsinə Qarşı Erməni Vandalizmi

image-legitimaz-810x90

Cəbrayılın Tarixi-Mədəni İrsinə Qarşı Erməni Vandalizmi

 

Cəbrayıl rayonu Azərbaycanın qədim tarixini, milli-mədəni irsini və zəngin memarlıq ənənələrini özündə yaşadan ərazilərdən biridir. Rayonun ərazisində müxtəlif dövrlərə aid arxeoloji abidələr, qədim yaşayış məskənləri, kurqanlar, məscidlər, türbələr, məqbərələr, qalalar və digər tarixi-memarlıq nümunələri mövcud olmuşdur. Bu abidələr xalqımızın əsrlər boyu formalaşmış tarixinin və mədəni yaddaşının mühüm tərkib hissəsini təşkil etmişdir.

1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra yaşayış məntəqələri ilə yanaşı, rayonun çoxəsrlik tarixi-mədəni irsi də ciddi dağıntılara məruz qalmışdır. İşğal illərində Azərbaycanın tarixi və dini abidələrinin qorunması təmin edilməmiş, bir sıra abidələr dağıdılmış, talan edilmiş və məhv edilmişdir. Bu faktlar Cəbrayılın yalnız yaşayış ərazilərinin deyil, həm də xalqımızın maddi-mədəni irsinin hədəfə alındığını göstərir.

Cəbrayılın qədim tarixini əks etdirən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmərnənə məqbərələri kimi arxeoloji abidələr işğal dövründə vandalizmə məruz qalmışdır. Həmçinin Dağtumas kəndindəki “Başıkəsik Günbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı XII əsrə aid “Qız qalası”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki səkkizguşəli və dairəvi türbələr də rayonun zəngin tarixi-memarlıq irsinin nümunələri sırasında olmuşdur.

Xüsusi əhəmiyyət daşıyan abidələrdən biri də Xudafərin körpüləridir. Araz çayı üzərində yerləşən bu qədim körpülər Azərbaycan tarixində mühüm yer tutur və əsrlər boyu Şimali və Cənubi Azərbaycan arasında əlaqələrin, ticarət yollarının mühüm keçidlərindən biri olmuşdur. İşğal dövründə bu tarixi abidələrin də zərər görməsi Azərbaycanın milli-mədəni irsinə qarşı törədilmiş vandalizmin miqyasını göstərən faktlardan biridir.

Cəbrayılın dini-mədəni irsinin mühüm nümunələrindən biri Çələbilər kəndindəki məscid kompleksi, şəhərin tarixi memarlıq nümunələrindən biri isə “Sultan Məcid hamamı” olmuşdur. Bundan başqa, rayon ərazisində müxtəlif dövrlərə aid məscidlər, qəbiristanlıqlar, türbələr və məqbərələr yerləşmişdir. Bu abidələrin bir qisminin dağıdılması və məhv edilməsi xalqımızın dini və milli yaddaşına vurulmuş ağır zərər kimi qiymətləndirilir.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması üçün yeni mərhələ başlanmışdır. 2020-ci ildə Cəbrayılın azad olunması ilə Azərbaycan Ordusu yalnız ərazi bütövlüyümüzün bərpasına deyil, həm də bu torpaqlarda yerləşən tarixi abidələrimizin yenidən qorunmasına imkan yaratmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılması mühüm istiqamətlərdən biridir.

Cəbrayılın dağıdılmış abidələri bizə tariximizi qorumağın, milli-mədəni irsimizə sahib çıxmağın nə qədər vacib olduğunu xatırladır. Cəbrayılın hər bir abidəsi xalqımızın keçmişindən bu günə uzanan canlı tarixi yaddaşdır. Onların bərpası və qorunması yalnız keçmişə hörmət deyil, həm də gələcək nəsillər qarşısında mühüm mənəvi borcumuzdur.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki