image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-0a6d8b1e-ebc6-4f83-a9aa-6cf21bf9129f

CƏBRAYIL ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN BƏRPA OLUNACAQ!

image-legitimaz-810x90

CƏBRAYIL ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN BƏRPA OLUNACAQ!

4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu tarix 2020-ci ildə şəhərin işğaldan azad edilməsini yaddaşımızda yaşatmaqla yanaşı, Cəbrayılın yeni inkişaf mərhələsinin başlanğıcını da simvollaşdırır. Çünki azad edilmiş torpaqda yeni həyat qurmaq Zəfərin davamı, qələbənin real nəticəsidir. Bir şəhərin yenidən qurulmasını yalnız tikilən binaların sayı ilə ölçmək mümkün deyil. Əsl dirçəliş evlərin işıqlarının yanması, məktəblərdə uşaqların səsinin eşidilməsi, küçələrdə insanların görünməsi, istehsal müəssisələrinin fəaliyyətə başlaması və doğma yurda qayıdan ailələrin gələcəyə inamla baxması ilə başlayır. Cəbrayılın bugünkü mənzərəsi məhz belə bir böyük qayıdışın salnaməsidir. Cəbrayılın yeni simasının ən mühüm tərəfi isə, şübhəsiz, insanların qayıdışıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu proses artıq statistik rəqəmlərlə ölçüləcək mərhələyə çatıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndlərində ümumilikdə 1600 ailə, 7022 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında minlərlə insan taleyi dayanır. Uzun illər doğma yurda qayıdacağı günü gözləyən ailələr üçün yeni mənzil sadəcə yaşayış sahəsi deyil. O, itirilmiş illərin ardından qazanılan doğmalıqdır. Cəbrayıl yaşayış kompleksinin timsalında bu yeni həyatın miqyası aydın görünür. 7,9 hektar ərazidə salınan kompleks 33 yaşayış binasından və 712 mənzildən ibarətdir. Mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərə təqdim edilir. İkinci və üçüncü yaşayış komplekslərinin layihələri də yüzlərlə yeni mənzilin yaradılmasını nəzərdə tutur. Lakin Böyük Qayıdış yalnız şəhərlə məhdudlaşmır. Cəbrayıl rayonunun kəndləri də yeni yaşayış məkanlarına çevrilir. Böyük Mərcanlıda 2040-cı ilədək 6230 nəfərlik yaşayış məkanı, Karxuluda 4428, Sarıcallıda 4740, Maşanlıda isə 2360 sakin üçün yaşayış və sosial infrastruktur nəzərdə tutulur. Məktəblər, uşaq bağçaları, tibb və idman-sağlamlıq mərkəzləri, inzibati binalar, ticarət və sahibkarlıq obyektləri kənd həyatının müasir tələblər əsasında qurulmasına hesablanıb. Horovlu və Şükürbəyli kəndlərində görülən işlər isə artıq layihədən reallığa keçidin göstəricisidir. Horovluda fərdi evlərlə yanaşı məktəb, uşaq bağçası, inzibati bina, bazar kompleksi, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi yaradılıb. Şükürbəyli kəndində isə 360 şagird yerlik məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi inşa edilib. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan isə bütün bu prosesləri daha geniş perspektivə bağlayır. Şəhərin inkişafı dörd mərhələdə nəzərdə tutulur və 2040-cı ilin sonuna qədər burada 15 min sakinin yaşaması proqnozlaşdırılır. Yaşayış məkanlarının müasir memarlıq həlləri əsasında qurulması, sosial obyektlərin və şəhər infrastrukturunun bir sistem daxilində formalaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu mənzərəyə baxanda Cəbrayılın dirçəlişinin miqyası daha aydın görünür. Burada yol çəkilir, enerji infrastrukturu qurulur, sənaye parkı inkişaf edir, yaşayış binaları ucalır, məktəblər və sosial obyektlər tikilir, kəndlər yenidən salınır. Ən əsası isə insanlar geri dönür. Bu gün Cəbrayılın simasında keçmişlə gələcək bir nöqtədə qovuşur. Xudafərin körpüsündə dalğalanan bayraq Zəfərin rəmzidirsə, yeni salınan evlərin pəncərələrində yanan işıqlar həmin Zəfərin gündəlik həyata çevrilməsinin göstəricisidir. 4 oktyabr Cəbrayıl şəhəri günü bu baxımdan sadəcə bir tarixi hadisənin ildönümü deyil. Bu gün biz həm də bir şəhərin yenidən doğuluşuna şahidlik edirik.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki