Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra burada müasir elektrik infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilməyə başlanılıb. Bu layihələr rayonun bərpası və yenidən qurulması, sosial-iqtisadi infrastrukturun inkişafı, yaşayış məntəqələrinin, sənaye və digər obyektlərin etibarlı elektrik enerjisi ilə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2021-ci il 4 oktyabr tarixində “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun elektrik təchizatının bərpası istiqamətində mühüm hadisələrdən biri oldu. Yarımstansiya ilk növbədə rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də şəhərsalma konsepsiyasına uyğun olaraq Cəbrayıl şəhərini və rayonun kənd və qəsəbələrini elektrik enerjisi ilə təmin etmək məqsədi daşıyır.
Cəbrayılın enerji potensialının artırılması istiqamətində bərpa olunan enerji layihələrinə də xüsusi diqqət yetirilir. 2025-ci il 28 oktyabr tarixində rayonun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulub. Bu layihələr gələcəkdə rayonun enerji təminatının şaxələndirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edəcək.
2026-cı il 9 may tarixində Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi də enerji infrastrukturunun inkişafında mühüm mərhələ oldu. Yarımstansiyanın yaradılması Cəbrayıl və ətraf ərazilərin elektrik enerjisi ilə təminatının gücləndirilməsi, yeni enerji layihələrinin şəbəkəyə inteqrasiyası və regionun artan enerji tələbatının qarşılanması baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi həyata keçirilir. bp şirkətinin layihəsi kimi həyata keçirilən stansiyanın işğaldan azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş enerjisi layihələrindən biri olması nəzərdə tutulur. Layihənin reallaşdırılması Cəbrayılın enerji infrastrukturunun inkişafı ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji potensialından daha səmərəli istifadə etməsinə də töhfə verəcək.
Nağıyev Abbas – Zərdab rayonu, Dəli Quşçu kənd sakini, pensiyaçı























