Bu gün Şuşada və ətraf kəndlərdə məskunlaşan ailələrin sayı getdikcə artır
Şuşanın 2022-ci ildə ölkəmizdə “Şuşa İli” elan edilməsi də bu qədim şəhərə verilən yüksək dəyərin göstəricisi idi. Həmin il ərzində ölkənin müxtəlif bölgələrində Şuşanın tarixinə, mədəniyyətinə və azadlığına həsr olunmuş çoxsaylı tədbirlər keçirildi. 2023-cü ildə Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi şəhərin beynəlxalq nüfuzunu daha da artırdı. Bu hadisələr göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının diqqət mərkəzində olan mühüm mədəniyyət məkanlarından biridir.
Şuşanın yenidən qurulması ilə yanaşı, burada həyatın bərpası və insanların doğma torpaqlarına qayıtması da dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Çünki şəhərin əsl dirçəlişi yalnız binaların tikilməsi, yolların salınması və tarixi abidələrin bərpası ilə ölçülmür. Ən böyük sevinc illərlə öz doğma yurdlarından ayrı düşmüş insanların evlərinə qayıtması, uşaqların doğma torpaqlarında böyüməsi, ailələrin yenidən öz həyətlərində yaşaması və şəhərdə gündəlik həyatın canlanmasıdır.
Bu gün Şuşada və ətraf kəndlərdə məskunlaşan ailələrin sayı getdikcə artır. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Ümumilikdə 420 ailə və 1 579 nəfər doğma torpaqlarına qayıdaraq burada yeni həyata başlayıb. Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil. Hər bir ailənin qayıdışı illərlə davam edən həsrətin sona çatması, doğma evə qovuşmaq sevincinin yaşanması deməkdir.
İnsanların öz evlərinə qayıtması Şuşanın gələcəyinə olan inamı daha da artırır. Doğma torpaqlarda məktəblərin, sosial obyektlərin, yaşayış evlərinin və digər zəruri infrastrukturun yaradılması sakinlərin rahat yaşayışına şərait formalaşdırır. Şəhərdə iqtisadi fəallığın artırılması, turizmin inkişafı, yeni iş yerlərinin açılması və xidmət sahələrinin genişləndirilməsi də qarşıda duran mühüm vəzifələrdəndir. Bütün bunlar Şuşanın yenidən Azərbaycanın canlı və inkişaf edən şəhərlərindən birinə çevrilməsinə xidmət edir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

























