Bu gün Azərbaycan bayrağı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, hərbi hissələrin və digər rəsmi müəssisələrin binaları üzərində dalğalanır
Beynəlxalq görüşlərdə, dövlət səviyyəli tədbirlərdə, idman yarışlarında və müxtəlif mərasimlərdə bayrağımızın ucaldılması ölkəmizin müstəqilliyini və beynəlxalq aləmdəki mövqeyini nümayiş etdirir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi. Bu hadisə ölkəmizin dövlətçilik tarixində mühüm yer tutdu. Meydanın yaradılması Azərbaycan bayrağına göstərilən böyük ehtiramın, milli qürurun və dövlət müstəqilliyinə verilən dəyərin ifadəsi idi. Açılış mərasimində Prezident İlham Əliyev bayrağımızın xalqımız üçün əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.Dövlət başçısının bu fikirləri hər bir azərbaycanlının ürəyindən xəbər verir. Çünki bayrağımızın dalğalandığı hər bir məkan bizə müstəqil dövlətimizin varlığını, xalqımızın birliyini və qazandığımız uğurları xatırladır.Azərbaycan bayrağının tarixində ən qürurlu və yaddaqalan səhifələrdən biri də 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın ən böyük arzularından biri idi. Azərbaycan xalqı bu arzu ilə yaşadı, dövlətimiz isə torpaqlarımızın azad olunması üçün bütün istiqamətlərdə məqsədyönlü siyasət həyata keçirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu Qələbə yalnız hərbi uğur deyildi. Bu, xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və uzun illər davam edən mübarizəmizin nəticəsi idi. Minlərlə Vətən övladı torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Qazilərimiz sağlamlıqlarını itirsələr də, Vətən sevgisinin və qəhrəmanlığın əsl nümunəsini göstərdilər.
Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldılması xalqımız üçün sözlə ifadə olunması çətin olan böyük sevinc və qürur hissi yaratdı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Qarabağın tacı hesab edilən Şuşanın azad olunması müharibənin gedişində həlledici rol oynadı və xalqımızın tarixi qələbəsini daha da möhkəmləndirdi. Bütün bu hadisələr göstərdi ki, Azərbaycan xalqı öz torpağına, dövlətinə və bayrağına nə qədər bağlıdır. Əsgər və zabitlərimizin döyüş meydanlarında göstərdiyi qəhrəmanlıq, xalqımızın arxa cəbhədə nümayiş etdirdiyi birlik və həmrəylik üçrəngli bayrağımızın daha yüksək zirvələrdə dalğalanmasını təmin etdi.
Fəxrət Məmmədəliyev – Təzəkənd kənd sakini, fəal gənc
























