Böyük Qayıdış Proqramı
Azərbaycanın müasir tarixində Böyük Qayıdış Proqramı xüsusi əhəmiyyətə malik dövlət proqramlarından biridir. Bu proqram uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşların öz torpaqlarına qayıdışını, işğaldan azad edilmiş ərazilərin bərpasını, müasir infrastrukturun yaradılmasını və bölgənin sosial-iqtisadi həyatının yenidən qurulmasını nəzərdə tutur. Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçürülməsi deyil, həm də həyatın, iqtisadi fəallığın, milli-mədəni dəyərlərin və tarixi yaddaşın yenidən dirçəldilməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yaşayış məntəqələri salınır, yollar və kommunikasiya xətləri çəkilir, elektrik enerjisi, su və qaz təchizatı sistemləri qurulur, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Bütün bunlar doğma yurda qayıdan insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraitinin təmin olunmasına xidmət edir.
Böyük Qayıdış Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıya qoyulan əsas strateji vəzifələrdən biridir. Onun uğurla həyata keçirilməsi ölkənin gələcək inkişafı, regionların iqtisadi potensialının reallaşdırılması və əhalinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrə ciddi ziyan vurulmuşdu. Uzun illər məcburi köçkün həyatı yaşayan insanların ən böyük arzusu doğma evlərinə qayıtmaq, ata-baba yurdlarında yenidən məskunlaşmaq idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası bu arzunun reallaşması üçün tarixi imkan yaratdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanıldı. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunmasından sonra isə bu proses yeni mərhələyə qədəm qoydu. Böyük Qayıdışın başlanması dövlətin qarşısında duran humanitar və sosial vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsini tələb edir. Çünki doğma yurda qayıdış yalnız insanların yaşayış evləri ilə təmin olunması deyil, həm də onların işlə, təhsillə, tibbi xidmətlə və digər zəruri sosial imkanlarla təmin edilməsi deməkdir. Bu baxımdan, həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır. Ərazilərin minalardan təmizlənməsi, yaşayış üçün təhlükəsiz şəraitin yaradılması, infrastrukturun bərpası və iqtisadi fəaliyyətin təşviqi qayıdış prosesinin əsas istiqamətlərini təşkil edir. Məqsəd keçmiş məcburi köçkünlərin doğma torpaqlarında davamlı və təhlükəsiz həyat qurmasına nail olmaqdır. Böyük Qayıdışın sistemli şəkildə həyata keçirilməsi üçün dövlət səviyyəsində müvafiq proqram və tədbirlər müəyyənləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müəyyən edir. Proqramın həyata keçirilməsi dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətini, maliyyə resurslarının səmərəli istifadəsini və görülən işlərin mərhələli şəkildə planlaşdırılmasını tələb edir. Bu prosesdə əhalinin ehtiyaclarının nəzərə alınması, məskunlaşmanın davamlılığının təmin edilməsi və yeni yaşayış məntəqələrinin iqtisadi cəhətdən dayanıqlı inkişafı xüsusi əhəmiyyət daşıyır.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri



















