Böyük Qayıdış doğma yurdlara yeni həyat gətirir
17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının qəlbində qürur və sevinc hissləri yaradan əlamətdar tarixdir. Bu gün Füzulinin işğaldan azad olunmasının, doğma torpaqlarımıza qayıdışın və azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının rəmzidir. Bu tarixi gün həm də Böyük Qayıdışın əhəmiyyətini bir daha xatırladır. Füzuli rayonu uzun illər işğal altında qalıb. 1993-cü ildə rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində minlərlə insan öz doğma evindən didərgin düşüb. İnsanlar illərlə ata-baba yurdlarına qayıtmaq, doğma torpaqlarında yenidən yaşamaq arzusu ilə yaşayıblar. Onların bu arzusu 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə gerçəkləşməyə başladı.
2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri oldu. Bu qələbə doğma torpaqlara qayıdış yolunda böyük ümid yaratdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində torpaqlarımızın azadlığı təmin edildi. İndi qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, insanların təhlükəsiz şəraitdə öz yurdlarına qayıtması və həmin ərazilərin davamlı inkişafının təmin edilməsidir. Məhz bu məqsədlə həyata keçirilən Böyük Qayıdış Proqramı ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biridir.
Böyük Qayıdış yalnız insanların öz evlərinə dönməsi demək deyil. Bu proqram doğma torpaqlarda yeni yaşayış məntəqələrinin salınmasını, yolların çəkilməsini, məktəblərin və xəstəxanaların tikilməsini, iş yerlərinin yaradılmasını və insanların normal həyat şəraitinin təmin edilməsini nəzərdə tutur. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürmələrinə şərait yaratmaqdır. Füzulidə aparılan quruculuq işləri Böyük Qayıdışın mühüm istiqamətlərindən biridir. Şəhərdə müasir yaşayış binaları tikilir, yollar və digər infrastruktur obyektləri yaradılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarını genişləndirib, ərazinin ölkənin digər bölgələri və xarici ölkələrlə əlaqələrinin inkişafına şərait yaradıb.
Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün insanların yalnız evlə təmin olunması kifayət deyil. Onların işlə təmin edilməsi, uşaqların keyfiyyətli təhsil alması, ailələrin tibbi xidmətlərdən istifadə etməsi və gənclərin gələcək üçün yeni imkanlar qazanması da vacibdir. Buna görə də yaşayış məntəqələri ilə yanaşı, sosial obyektlərin, iqtisadi müəssisələrin və digər zəruri infrastrukturun yaradılması xüsusi əhəmiyyət daşıyır. Digər mühüm məsələ təhlükəsizlikdir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi insanların həyatına ciddi risk yaradır. Buna görə də ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi insanların doğma yurdlarına qayıtmasının əsas şərtlərindəndir. Hər bir insanın öz evində rahat və təhlükəsiz yaşaması dövlətin qarşısında duran mühüm vəzifədir. Böyük Qayıdış eyni zamanda iqtisadi inkişaf üçün yeni imkanlar açır. Azad edilmiş ərazilərin kənd təsərrüfatı, turizm, sənaye və digər sahələr üzrə potensialından istifadə olunması yeni iş yerlərinin yaradılmasına kömək edə bilər. Bu, həm bölgənin inkişafına, həm də ölkə iqtisadiyyatının güclənməsinə töhfə verəcək.
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov


















