image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-15472331624524839231_1200x630

Bizim ordumuz bizim qürurumuzdur

image-legitimaz-810x90

Hər bir müstəqil dövlətin gücü onun iqtisadi inkişafı, siyasi sabitliyi və hərbi qüdrəti ilə müəyyən edilir. Dövlətçiliyin və milli təhlükəsizliyin əsas təminatçılarından biri olan ordu xalqın gücünün, birliyinin və vətənpərvərlik ruhunun təcəssümüdür. Bu baxımdan Azərbaycan Ordusu ölkəmizin ən mühüm dayaqlarından biri olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev “Bizim ordumuz bizim qürurumuzdur” ifadəsi ilə Azərbaycan Ordusunun dövlət və xalq həyatındakı müstəsna rolunu vurğulamışdır. Müstəqilliyimizin ilk illərində müxtəlif çətinliklərlə üzləşən Azərbaycan Ordusu sonrakı dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində güclü və peşəkar silahlı qüvvələrə çevrilmişdir. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnikalarla təchiz olunması, hərbi təhsil sisteminin inkişafı və şəxsi heyətin sosial rifahının yaxşılaşdırılması bu sahədə əldə olunan uğurların əsasını təşkil edir. Azərbaycan Ordusunun gücü təkcə silah və texnika ilə ölçülmür. Ordumuzun əsas qüdrəti onun vətənə sədaqətlə xidmət edən zabitlərində, gizirlərində, əsgər və çavuşlarında, yüksək döyüş ruhunda və peşəkarlığında öz əksini tapır. Müasir hərbi təlimlər, beynəlxalq təcrübənin öyrənilməsi və döyüş hazırlığının daim artırılması nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz yüksək peşəkarlıq, müasir döyüş taktikaları və sarsılmaz vətənpərvərlik ruhu nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi Zəfər xalqımızın qürur mənbəyinə çevrildi və Azərbaycan əsgərinin yenilməzliyini bir daha sübut etdi. Vətən müharibəsindən sonra da orduda aparılan islahatlar davam etdirilmiş, yeni hərbi hissələr yaradılmış, komando birlikləri formalaşdırılmış və döyüş qabiliyyətinin daha da artırılması istiqamətində mühüm addımlar atılmışdır. Müasir çağırışlara uyğun inkişaf edən Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı kimi fəaliyyətini uğurla davam etdirir. Bu gün Azərbaycan Ordusu xalqla dövlətin birliyinin, milli həmrəyliyin və güclü dövlətçilik ənənələrinin simvoludur.

Ordumuzun qazandığı uğurlar hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır. Çünki bu ordu xalqın ordusudur, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində dayanır. “Bizim ordumuz bizim qürurumuzdur” ifadəsi təkcə bir fikir deyil, həm də Azərbaycan xalqının öz Silahlı Qüvvələrinə olan sonsuz etimadının və sevgisinin ifadəsidir. Bu qürur mənbəyi olan ordumuz bundan sonra da dövlətimizin təhlükəsizliyini təmin edəcək, xalqımızın şərəfli tarixinə yeni zəfər səhifələri yazacaqdır.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki