Bir günlük antiterror əməliyyatı və suverenliyimizin tam bərpası
Azərbaycan dövlətinin müstəqillik tarixində 2023-cü ilin 19–20 sentyabr tarixləri xüsusi əhəmiyyətə malikdir. Həmin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, Konstitusiya quruluşunun bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və dövlətçilik mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi.
2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra regionda yeni reallıqlar yaranmışdı. Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etsə də, Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu təhlükəsizlik üçün ciddi təhdid olaraq qalırdı. Üçtərəfli Bəyanatın müddəalarına əsasən həmin silahlı dəstələrin ərazidən çıxarılması nəzərdə tutulsa da, bu proses tam şəkildə həyata keçirilməmişdi. Əksinə, müəyyən qüvvələr bölgədə sabitliyi pozmağa və yeni təxribatlar törətməyə davam edirdilər. 2023-cü ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı dəstələr tərəfindən Azərbaycanın Qarabağ bölgəsində bir sıra genişmiqyaslı hərbi təxribatlar törədildi. Mina partlayışları nəticəsində Azərbaycan vətəndaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları həlak oldular. Bu hadisələr ölkənin təhlükəsizliyinə və suveren hüquqlarına qarşı yönəlmiş açıq təhdid kimi qiymətləndirildi. Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz suveren hüququndan istifadə etdi. 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Əməliyyatın əsas məqsədi qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, terror təhlükəsinin aradan qaldırılması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası idi.
Antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq nümayiş etdirdi. Müasir texnologiyalar və yüksək dəqiqlikli silah sistemləri vasitəsilə qanunsuz silahlı birləşmələrin hərbi obyektləri, döyüş mövqeləri, komanda məntəqələri və digər hərbi infrastrukturu qısa müddətdə sıradan çıxarıldı. Əməliyyat zamanı yalnız legitim hərbi hədəflərə zərbələr endirilməsi Azərbaycan Ordusunun peşəkarlığını və humanitar hüququn tələblərinə sadiqliyini bir daha göstərdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçı silahlı dəstələr müqavimət göstərmək imkanlarını tamamilə itirdilər. Onlar ağ bayraq qaldırmağa və silahı yerə qoymağa məcbur oldular. Bu hadisə Azərbaycan dövlətinin qətiyyətinin və ordumuzun qüdrətinin növbəti təsdiqi oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti və humanitar məsələlərin nəzərə alınması nəticəsində Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə tam atəşkəs barədə razılıq əldə edildi. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Beləliklə, Azərbaycan dövləti qarşıya qoyduğu bütün məqsədlərə qısa müddət ərzində nail oldu. Bu əməliyyatın ən mühüm nəticəsi Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi oldu. Uzun illər ərzində ölkənin bir hissəsində mövcud olmuş qanunsuz silahlı birləşmələr ləğv edildi, dövlət hakimiyyətinin fəaliyyəti bütün ərazilərdə təmin olundu. Bununla da Azərbaycan öz ərazisi üzərində tam nəzarəti bərpa etdi və beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində suverenliyini tam şəkildə təmin etmiş oldu.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması idi. Vətən müharibəsində əldə edilən Qələbə və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri bu məqsədin uğurla reallaşdırıldığını göstərdi. Dövlət başçısının qətiyyətli mövqeyi, diplomatik bacarığı və güclü siyasi iradəsi nəticəsində Azərbaycan tarixi hədəflərinə çatdı.
Zərdab şəhər sakini Elçin Məmmədov


















