TƏKZİB
Tendensiya.com informasiya resursunda “Azenco” ASC barədə yayımlanmış məqalədə yer alan məlumatlar həqiqəti əks etdirmir və heç bir hüquqi əsasla təsdiqlənmir.
Məqalədə şirkətdə əməkhaqlarının ödənilməsində gecikmələrin olduğu və işçilər qarşısında əməkhaqqı borclarının yarandığı barədə səsləndirilən iddialar tamamilə əsassızdır. Bildiririk ki, “Azenco” ASC-də əməkhaqlarının ödənilməsi ilə bağlı hər hansı problem mövcud deyil və hazırda şirkətin işçilər qarşısında əməkhaqqı üzrə heç bir borcu yoxdur.
Məqalədə şirkətin maliyyə vəziyyəti, müxtəlif təsərrüfat subyektləri ilə qarşılıqlı hesablaşmaları və mövcud olduğu iddia edilən borc öhdəlikləri barədə irəli sürülən məlumatlar heç bir rəsmi sənəd, məhkəmə qərarı və ya digər hüquqi əsasla təsdiqlənmir. Məqalədə göstərilən rəqəmlərin və məlumatların hansı mənbədən əldə olunduğu açıqlanmamış, onların doğruluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Bununla yanaşı qeyd edirik ki, məqalədə yer alan məlumatların əhəmiyyətli hissəsi kommersiya fəaliyyəti ilə bağlı məlumatlar olmaqla yanaşı, qanunvericiliklə qorunan kommersiya sirri xarakteri daşıyır. Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” Qanununun 4.1.6-cı maddəsinə əsasən əməyin ödənilməsi formaları və məbləği barədə məlumatlar, əməkhaqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibi, eləcə də boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar kommersiya sirri hesab olunur.
Bu baxımdan, kommersiya sirrini təşkil edən məlumatların hüquqi əsas olmadan əldə edilməsi, açıqlanması və yayılması qanunvericiliyin tələblərinə zidd olmaqla qanunla müəyyən edilmiş məsuliyyət yarada bilər.
Təəssüf doğuran haldır ki, sözügedən məqalədə məlumatların dəqiqliyi yoxlanılmadan, şirkətin mövqeyi öyrənilmədən və hər hansı təsdiqləyici sənəd təqdim edilmədən ictimaiyyətə birtərəfli məlumat verilmişdir. Bu yanaşma obyektivlik, qərəzsizlik və peşəkar jurnalistika prinsiplərinə uyğun deyil.
Qeyd olunan əsassız və təsdiqlənməmiş məlumatların yayılması ictimaiyyətdə “Azenco” ASC haqqında yanlış və mənfi rəy formalaşdırır, şirkətin işgüzar nüfuzuna, etibarlı tərəfdaş imicinə və qanunla qorunan mənafelərinə xələl gətirir. Belə məlumatların yayılması şirkətin fəaliyyətinə və işgüzar münasibətlərinə mənfi təsir göstərir.
“Azenco” ASC yayımlanmış məlumatların təkzib edilməsini və həqiqətə uyğun olmayan məlumatların informasiya resursundan çıxarılmasını tələb edir. Şirkət öz işgüzar nüfuzunun, qanuni hüquq və mənafelərinin qorunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Hörmətlə/Best regards
Ramin İsayev
Hüquq şöbəsinin rəisi/ Head of Legal Department
AZENCO ASC
📍 Ünvan/Address: D. Səfərov küçəsi 9, AZ1026, Bakı, Azərbaycan
📞 Mob: +994 512408608
✉️ E-mail: Ramin.Isayev@azenco/az
🌐 Web: www.azenco.az
…….
https://xeberaz.info/balababa-rzayev-azenco-nun-pulunu-niye-vermir-isciler-3-aydir-maas-gozleyir/
“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC-də ciddi maliyyə problemləri yaranıb. Şirkətdə çalışan əməkdaşların Tendensiya.com-a verdiyi məlumaya görə, üç aydan artıqdır ki, maaşların ödənilməsində gecikmələr müşahidə olunur.
Məlumata görə, problemin əsas səbəbi “Azərenerji” ASC tərəfindən görülmüş işlərə görə “Azenco”ya ödənilməli vəsaitlərin vaxtında köçürülməməsidir. Mənbələrin iddiasına əsasən, hazırda “Azərenerji”nin şirkətə təxminən 15 milyon manat borcu var.
Qeyd edək ki, 2018-ci ildə Balababa Rzayevin “Azərenerji” ASC-yə rəhbər təyin olunmasından sonra “Azenco”nun əvvəlki illərdə aldığı iri həcmli layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. Gəlirliliyi yüksək olan layihələr Balababa Rzayev öz şirkətlərinə verir, daha mürəkkəb və xərc tutumlu işlər isə əsasən “Azenco”ya həvalə olunur.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələrində bu vəziyyətin daha qabarıq hiss olunur. Şirkətdə çalışanlar bildirir ki, ödənişlərin gecikdirilməsi “Azenco”nun maliyyə imkanlarını zəiflətməklə yanaşı, peşəkar kadrların da şirkətdən uzaqlaşmasına səbəb olur.

























