Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub.
Xeberaz.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Ümumilikdə 38 270 kvadratmetr ərazidə yenidən qurulan tibb müəssisəsi 46 çarpayıdan ibarətdir. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbələri, eləcə də Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir.
Müəssisə infeksion nəzarət tədbirləri, müasir ventilyasiya sistemləri və mərkəzləşdirilmiş oksigen təchizatı ilə təmin edilib.
Bildirilib ki, Ağciyərdənkənar vərəm şöbəsi ambulator və 20 çarpayılıq stasionar şəraitdə fəaliyyət göstərir və ölkədə bu istiqamətdə xidmət göstərən yeganə ixtisaslaşmış şöbədir. Burada sinir sistemi, plevra, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəmi üzrə tibbi xidmətlər göstəriləcək.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində isə hərəkətli çarpayılar və ortopedik döşəklərlə təchiz olunmuş 6 çarpayılıq reanimasiya otaqları yaradılıb.
Xəstəxananın Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılacaq. Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, anbar və digər köməkçi sahələr fəaliyyət göstərəcək.
























