Azərbaycanın yeni Dövlət Proqramında da geoloji kəşfiyyatın genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib
Geoloji kəşfiyyatın ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, yeraltı sərvətlər düzgün araşdırılmadan onların real iqtisadi potensialını müəyyən etmək mümkün deyil.
Bu baxımdan bu gün hələ tam öyrənilməmiş qızıl, mis və molibden yataqlarının mövcudluğu Azərbaycanın gələcək inkişafı üçün mühüm imkan yaradır. Yeraltında qalan ehtiyatların qorunub saxlanılması onların gələcək nəsillər üçün də iqtisadi resursa çevrilməsinə şərait yaradır.
Müasir geoloji texnologiyalar əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlar təqdim edir. Geofiziki tədqiqatlar, aeromaqnit və digər məsafədən zondlama üsulları, rəqəmsal xəritələşdirmə, laboratoriya analizləri və müasir məlumat emalı metodları yerin dərinliklərində yerləşən faydalı qazıntıların müəyyənləşdirilməsini və ehtiyatların daha dəqiq qiymətləndirilməsini mümkün edir.
Azərbaycanın yeni Dövlət Proqramında da geoloji kəşfiyyatın genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Proqram çərçivəsində mineral-xammal bazasının genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və mövcud istehsal güclərinin artırılması nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilər Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində qızıl, mis və digər faydalı qazıntı yataqlarının olması həmin bölgələrdə dağ-mədən sənayesinin inkişafı üçün ciddi imkanlar yaradır.
Prezident İlham Əliyev çıxışında məhz Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi məsələsinin qarşıda duran əsas istiqamətlərdən olduğunu bildirib. Ağdərədə artıq işlərə başlanıldığı, gələcəkdə Kəlbəcər və Zəngilanda da layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Ağdərədə “Dəmirli” mis mədənində hasilatın bərpası da bu istiqamətdə atılan mühüm addımlardan biri kimi təqdim edilir. Rəsmi məlumatda bildirilib ki, emal kompleksi yenidən qurularaq istifadəyə verilib və 2026-cı ildə hasilatın bərpası nəticəsində dövlətin əldə etdiyi gəlirlərdə əhəmiyyətli artım qeydə alınıb.
Kəlbəcərin də bu baxımdan xüsusi əhəmiyyəti var. Rayon faydalı qazıntılarla yanaşı, zəngin mineral və təbii su ehtiyatları ilə də seçilir.
Zəngilan ərazisində aparılacaq araşdırmalar isə Şərqi Zəngəzurun mineral-xammal potensialının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.
Geoloji kəşfiyyat sahəsində əsas məsələlərdən biri əvvəlki illərdə əldə edilmiş məlumatların müasir üsullarla yenidən qiymətləndirilməsidir.Sovet dövründə aparılmış tədqiqatların nəticələri müəyyən geoloji məlumat bazasının formalaşmasına imkan verib. Lakin həmin məlumatların əldə edilməsindən uzun müddət keçib. Bu müddətdə həm texnologiyalar dəyişib, həm də geoloji tədqiqat metodları əhəmiyyətli dərəcədə təkmilləşib.
Yeni geoloji məlumat bazasının yaradılması gələcək investisiya qərarlarının qəbulunda da mühüm rol oynayacaq. Hansı yatağın iqtisadi baxımdan səmərəli olduğu, hansı ərazilərdə əlavə kəşfiyyata ehtiyac olduğu və hansı layihələrin prioritet təşkil etdiyi məhz elmi və texniki əsaslarla müəyyənləşdirilməlidir.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim





















