Azərbaycanın Türk dünyası ilə əlaqələri bu gün daha da genişlənir
Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını qəbul edib. Görüşdə həm Türk dünyasının birliyi, həm də İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirilib. Prezident İlham Əliyev çıxışında Bakıda keçirilən digər mühüm tədbirə – böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransa da toxunub. Dövlət başçısı bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Çünki Azərbaycan öz tarixində yetişmiş böyük şəxsiyyətləri, alimləri, şairləri və mütəfəkkirləri ilə hər zaman fəxr edib. Seyid Yəhya Bakuvi də Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. XII əsrdə Nizami Gəncəvi və Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Seyid Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yetişməsi xalqımızın zəngin mədəniyyətə və böyük düşüncə irsinə malik olduğunu göstərir. Onların yaratdığı əsərlər təkcə Azərbaycan üçün deyil, bütün Türk və İslam dünyası üçün qiymətli irsdir.
Bakıda keçirilən tədbirlərdə müxtəlif ölkələrdən dini liderlərin iştirakı da xüsusi əhəmiyyət daşıyır. TDT-yə üzv dövlətlərlə yanaşı, Gürcüstan, Suriya, Dağıstan, Çeçenistan və digər Qafqaz bölgələrindən dini nümayəndələrin Bakıya gəlməsi dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin göstəricisidir. Azərbaycanın burada xüsusi rolu var. Ölkəmiz həm Türk dünyasının bir hissəsidir, həm də Qafqazın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tarixində Türk dünyası və Qafqaz xalqları ilə bağlı çoxsaylı ortaq məqamlar mövcuddur. Bu baxımdan Azərbaycan müxtəlif xalqları və mədəniyyətləri bir araya gətirən mühüm bir ölkə kimi çıxış edir.
Azərbaycanın Türk dünyası ilə əlaqələri bu gün daha da genişlənir. Ölkəmiz türk dövlətləri arasında əməkdaşlığın inkişafına daim dəstək verir. Dilimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz və ortaq mədəniyyətimiz bizi bir-birimizə bağlayır. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin siyasi, iqtisadi, mədəni və digər sahələrdə genişlənməsi də bunun göstəricisidir. Türk dövlətlərinin birliyi və qarşılıqlı dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Vətən müharibəsi dövründə də biz bu həmrəyliyin müxtəlif formalarda şahidi olduq. Bu gün isə türk dövlətləri ilə əməkdaşlıq azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı istiqamətində də özünü göstərir. Bölgədə həyata keçirilən quruculuq işləri Türk dünyasının qarşılıqlı əməkdaşlığının gələcək üçün nə qədər vacib olduğunu bir daha göstərir.
Bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi vacibdir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm, rəqəmsal texnologiyalar, mədəniyyət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi xalqlarımızın rifahına xidmət edə bilər. Prezident cənab İlham Əliyev görüşdə İslam həmrəyliyinin gücləndirilməsinin də vacibliyini vurğulayıb. Müsəlman dünyasında dini liderlərin sülh, qarşılıqlı hörmət, əməkdaşlıq və əmin-amanlıq çağırışları etməsi böyük əhəmiyyət daşıyır. Çünki dini liderlərin fikirləri milyonlarla insan üçün önəmlidir və onların sülhə yönəlmiş mesajları cəmiyyətdə qarşılıqlı anlaşmanın güclənməsinə kömək edə bilər.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru























