Azərbaycanın tarixi Qələbəsi.
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın onilliklər boyu gözlədiyi tarixi mübarizənin həlledici mərhələsi başlandı. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın azadlığı uğrunda başlanan mübarizə böyük Zəfərlə nəticələndi. Azərbaycan əsgər və zabitləri “Öldü var, döndü yoxdur!” əzmi ilə döyüşərək misilsiz qəhrəmanlıq göstərdilər. Şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və hərbçilərimizin rəşadəti Qələbənin əsasını təşkil etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən həlledici hərbi-strateji hadisə oldu. Mürəkkəb relyef şəraitində həyata keçirilən bu əməliyyat Azərbaycan əsgərinin peşəkarlığının və qəhrəmanlığının parlaq nümunəsinə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan cəmi 44 gün ərzində özünün hərbi-siyasi qüdrətini təsdiqləyərək regionda yeni reallıqlar yaratdı. Vətən müharibəsi XXI əsrin müasir müharibə modelinə də mühüm yeniliklər gətirdi. Pilotsuz uçuş aparatlarından, yüksək dəqiqlikli silah sistemlərindən və çevik döyüş taktikasından kompleks istifadə Azərbaycan Ordusunun üstünlüyünü təmin etdi. Ordumuzun döyüş təcrübəsi və tətbiq etdiyi hərbi strategiya bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi dairələrində və hərbi təhsil müəssisələrində öyrənilir. Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi və diplomatik fəaliyyəti də mühüm rol oynadı. Müharibə dövründə dövlət başçısının yerli və xarici media nümayəndələrinə verdiyi müsahibələr, beynəlxalq televiziya kanallarına açıqlamaları və xalqa müraciətləri böyük ictimai rəğbətlə qarşılandı. Onun tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan çıxışları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, xalqımızın qələbə əzminin güclənməsinə xidmət etdi. Beləliklə, döyüş meydanında qazanılan üstünlük diplomatik müstəvidə də möhkəmləndirildi. Vətən müharibəsi ölkəmizdə milli birlik və siyasi həmrəyliyi daha da gücləndirdi. Siyasi baxışlarından asılı olmayaraq, xalqımız Vətən uğrunda vahid amal ətrafında birləşdi. Siyasi rəqabətdən üstün olan milli maraqların müdafiəsi, dövlətə və Vətənə bağlılıq ümumi mövqeyə çevrildi. “Dəmir yumruq” bu birliyin, həmrəyliyin və milli gücün rəmzi kimi tarixə düşdü.
2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın konstitusiya quruluşu bərpa edildi, dövlət suverenliyi ölkəmizin bütün ərazisində təmin olundu. Bununla da müstəqillik tariximizin mühüm strateji məqsədi reallaşdı. Zəfərin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Zəfər Günü elan edildi, 2020-ci il dekabrın 10-da Bakıda möhtəşəm Zəfər paradı keçirildi.
Zərdab rayonu üzrə təhsil sektorunun müdiri – Gülağa İsgəndərov.























