Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri yalnız məlum yataqların istismarını təşkil etmək deyil, yeni perspektivli yataqların da müəyyənləşdirilməsidir
Azərbaycanın dağ-mədən sənayesində “AzerGold” QSC-nin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Şirkət 2015-ci ildə yaradılıb və sonrakı illərdə qızıl hasilatı ilə yanaşı, geoloji kəşfiyyat və digər mineral resurs layihələrində fəaliyyətini genişləndirib.
Rəsmi məlumatda “Çovdar” yatağında aparılan əlavə geoloji kəşfiyyat nəticəsində ehtiyatların əhəmiyyətli dərəcədə artırıldığı və yatağın istismar müddətinin uzadıldığı bildirilir. Şirkətin fəaliyyətində geoloji kəşfiyyat, hasilat, emal və ixrac mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Bu təcrübə göstərir ki, geoloji kəşfiyyat birdəfəlik proses deyil. Yataq istismara verildikdən sonra belə yeni araşdırmalar aparmaq, ehtiyatları dəqiqləşdirmək və əlavə resursların müəyyənləşdirilməsi imkanlarını araşdırmaq mümkündür.
Bu baxımdan Azərbaycanın mineral ehtiyatlarının sistemli şəkildə öyrənilməsi gələcəkdə yeni yataqların müəyyən edilməsinə və mövcud yataqların resurs bazasının genişləndirilməsinə imkan yarada bilər.
23 sentyabr 2026-cı ildə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sənəddə sektorun inkişafı üzrə konkret istiqamətlər müəyyənləşdirilib.
Proqram çərçivəsində mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də gələcək fəaliyyət istiqamətlərindən biri kimi göstərilir.
Bu proqramın əhəmiyyəti ondadır ki, dağ-mədən sənayesinin inkişafı ayrı-ayrı layihələr səviyyəsində deyil, daha geniş və sistemli yanaşma əsasında həyata keçirilməlidir. Belə yanaşma geoloji kəşfiyyatdan başlayaraq hasilat, emal, metallurgiya və ixraca qədər bütün mərhələlərin bir-biri ilə əlaqələndirilməsinə imkan verir.
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri yalnız məlum yataqların istismarını təşkil etmək deyil, yeni perspektivli yataqların da müəyyənləşdirilməsidir. Geoloji kəşfiyyatın genişləndirilməsi nəticəsində əvvəllər məlum olmayan qızıl, mis, molibden və digər metal yataqlarının aşkar edilməsi mümkündür. Bu isə Azərbaycanın mineral-xammal bazasının uzunmüddətli perspektivdə genişlənməsinə səbəb ola bilər.
Hazırda dünya iqtisadiyyatında mis, qızıl və digər metalların əhəmiyyəti yüksək olaraq qalır. Mis xüsusilə elektrik enerjisi infrastrukturu, elektronika və müxtəlif sənaye sahələri üçün mühüm xammaldır. Qızıl isə həm sənayedə, həm də maliyyə və zərgərlik sektorunda istifadə olunur. Molibden isə metallurgiyada xüsusi xüsusiyyətlərə malik ərintilərin hazırlanmasında istifadə edilən mühüm metaldır.
Bu baxımdan Azərbaycanın həmin resurslarla bağlı potensialının elmi əsaslarla öyrənilməsi ölkənin iqtisadi imkanlarının şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc





















