Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişafında peşəkar milli ordunun formalaşdırılması mühüm əhəmiyyət daşıyır
Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurların, xüsusilə də torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlığın əsasında uzun illər ərzində aparılmış məqsədyönlü siyasət dayanır. Həmin siyasətin təməli isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdur.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikanın həyatında yeni inkişaf mərhələsinin başlanğıcı oldu. O dövrdə Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev gələcəyi düşünərək milli kadrların hazırlanmasına, xüsusilə hərbi sahədə azərbaycanlı gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Ulu Öndər yaxşı anlayırdı ki, hər bir xalqın gücü onun savadlı, vətənpərvər və peşəkar kadrlarında, dövlətin təhlükəsizliyi isə güclü orduya malik olmasındadır.
Sovet dövründə yüksək hərbi məktəblərdə azərbaycanlı zabitlərin sayı olduqca az idi. Ordunun rəhbər vəzifələrində əsasən digər millətlərin nümayəndələri təmsil olunurdu. Bu vəziyyət Heydər Əliyevi ciddi narahat edirdi. O, Azərbaycanın gələcəkdə milli hərbi kadrlara ehtiyac duyacağını uzaqgörənliklə nəzərə alaraq bu sahədə mühüm addımlar atdı.
Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə Bakıda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəb yaradıldı. Bu təhsil ocağının açılması Azərbaycan gənclərinin hərbi peşəyə marağının artırılması və milli zabit korpusunun formalaşdırılması baxımından tarixi hadisə idi. Məktəbdə minlərlə gənc hərbi biliklərə yiyələndi, vətənpərvərlik ruhunda tərbiyə olundu və sonradan müxtəlif ali hərbi məktəblərə qəbul olaraq peşəkar zabit kimi yetişdi.
Məhz həmin məktəbin məzunları sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində və sonrakı dövrlərdə ölkəmizin müdafiəsində iştirak edən çoxsaylı zabitlər məhz bu hərbi məktəbin yetirmələri olmuşlar.
Ulu Öndər təkcə hərbi məktəbin yaradılması ilə kifayətlənmədi. O, azərbaycanlı gənclərin Sovet İttifaqının müxtəlif şəhərlərində yerləşən nüfuzlu ali hərbi təhsil müəssisələrinə göndərilməsinə də nail oldu. Minlərlə gənc Moskva, Leninqrad, Kiyev və digər şəhərlərdə hərbi təhsil alaraq peşəkar zabit kimi formalaşdı. Bu kadrlar sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas dayaqlarından birinə çevrildilər.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü nəticəsində ordu quruculuğu sahəsində ciddi problemlər yaranmışdı. Belə bir mürəkkəb şəraitdə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, güclü və nizami ordunun yaradılmasını da prioritet vəzifə kimi müəyyənləşdirdi.
Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri


























