AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!
Son vaxtlarda Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin intensivləşməsi xüsusi diqqət çəkir. Əlamətdar haldır ki, bu əlaqələrin genişlənməsinə respublikamızda və Xəzərin digər sahillərindəki ölkələrdə həm dövlətlər və liderlər tərəfindən güclü siyasi iradə göstərilir, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bu ölkələri çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələr əsrlər boyunca qorunub saxlanıb, zənginləşdirilib və hazırda da davam etdirilir. Dövlət başçıları arasında yaranan səmimi münasibətlər, çoxsaylı mədəni tədbirlər, intensivləşən qarşılıqlı səfərlər bunun əyani təsdiqidir. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir. Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Sənədin əsas fəlsəfəsi dövlətlərin bərabərliyi, bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin qarşılıqlı maraqların nəzərə alınması prinsipləridir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəal və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, energetika, təhlükəsizlik və humanitar sahələrdə əlaqələrini davamlı şəkildə genişləndirir. Bu münasibətlər həm Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına xidmət edir. Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi isə yeni iqtisadi və investisiya imkanlarının yaranmasına, nəqliyyat və logistika əlaqələrinin genişlənməsinə, xalqlar arasında tarixi və mədəni bağların möhkəmlənməsinə, eyni zamanda, regionlararası əməkdaşlığın daha yüksək səviyyəyə çatmasına mühüm töhfə verəcək.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova




















