image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycanın mədəniyyət paytaxtı

image-legitimaz-810x90

Azərbaycanın mədəniyyət paytaxtı

Şuşa şəhəri əsrlər boyu Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi və mənəvi həyatında mühüm rol oynamış, milli kimliyimizin formalaşmasında və qorunub saxlanılmasında xüsusi yer tutmuşdur. Qarabağın qədim yaşayış məskənlərindən biri olan Şuşa zəngin tarixi keçmişi, özünəməxsus memarlıq üslubu, ədəbi-mədəni mühiti və yetişdirdiyi görkəmli şəxsiyyətlərlə Azərbaycan xalqının milli sərvətinə çevrilmişdir. Şəhər tarixən musiqi, poeziya, incəsənət, maarifçilik və memarlıq ənənələrinin inkişaf etdiyi mühüm mədəniyyət mərkəzi kimi tanınmış, Azərbaycanın ictimai və intellektual həyatına əvəzsiz töhfələr vermişdir. Şuşanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması məsələsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı şəhərin Azərbaycanın milli-mədəni irsindəki mövqeyinin qorunmasına yönəlmiş ardıcıl siyasətin tərkib hissəsi idi. Şuşanın görkəmli şəxsiyyətlərin yetişdiyi, Azərbaycan musiqi və ədəbiyyatının inkişafına mühüm töhfələr verən bir şəhər kimi tanıdılması, onun tarixi-mədəni potensialının geniş ictimaiyyətə çatdırılması həmin dövrdə həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən olmuşdur. Bu yanaşma şəhərin yalnız coğrafi məkan deyil, həm də xalqımızın tarixi yaddaşını, mənəvi dəyərlərini və milli mədəniyyətini özündə yaşadan müqəddəs ünvan kimi qorunmasına xidmət etmişdir.

Şuşanın uzun illər işğal altında qalması onun tarixi-mədəni irsinə ciddi zərər vurmuş, şəhərin memarlıq abidələrinin, muzeylərinin, tarixi məkanlarının və dini ibadətgahlarının bir qismi dağıntılara məruz qalmışdır. İşğal dövründə Azərbaycan xalqının mədəni irsinə qarşı törədilən vandalizm aktları şəhərin tarixi simasının dəyişdirilməsi və milli-mədəni kimliyinin silinməsi təhlükəsini yaratmışdır. Buna baxmayaraq, Şuşa Azərbaycan xalqının yaddaşında öz tarixi və mənəvi dəyərini qoruyub saxlamış, onun azad edilməsi ümummilli məqsəd və dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalmışdır.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi şəhərin çoxəsrlik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu tarixi hadisədən sonra şəhərin əvvəlki şöhrətinin qaytarılması, mədəni irsinin bərpası və ictimai-mədəni həyatının yenidən canlandırılması istiqamətində genişmiqyaslı fəaliyyətə başlanılmışdır. Cənab Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun milli-mədəni həyatımızdakı xüsusi mövqeyinin dövlət səviyyəsində təsdiqi olmuşdur. Bu qərar Şuşanın tarixi missiyasının bərpası, zəngin mədəni potensialının inkişaf etdirilməsi və şəhərin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşımışdır. Mədəniyyət paytaxtı statusu Şuşanın tarixi abidələrinin bərpası, milli memarlıq ənənələrinin qorunması, musiqi və incəsənət mühitinin dirçəldilməsi, eləcə də şəhərin beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaratmışdır. Sonrakı dövrdə həyata keçirilən bərpa və quruculuq layihələri çərçivəsində tarixi tikililərin, məscidlərin, muzeylərin və digər mədəniyyət obyektlərinin yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir. Şəhərin tarixi simasının qorunması ilə müasir infrastrukturun yaradılmasının uzlaşdırılması Şuşanın gələcək inkişaf modelinin əsas istiqamətlərindən birini təşkil etmişdir.

Şuşanın mədəni həyatının canlandırılması məqsədilə burada ənənəvi festivalların, musiqi tədbirlərinin, beynəlxalq forumların, konfransların və müxtəlif mədəni layihələrin keçirilməsi geniş vüsət almışdır. Xüsusilə Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən təşkil olunması şəhərin tarixi-mədəni ənənələrinin bərpasında mühüm rol oynamışdır. Bu tədbirlər Şuşanın Azərbaycan ədəbiyyatının, musiqisinin və incəsənətinin inkişafındakı tarixi mövqeyini yenidən ön plana çıxarmış, onun zəngin mədəni irsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsinə şərait yaratmışdır.

 

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki