Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü
Azərbaycan müstəqillik dövründə həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət, irimiqyaslı strateji təşəbbüslər və transmilli layihələr vasitəsilə regionun iqtisadi və geosiyasi mənzərəsinin əsaslı şəkildə dəyişməsinə nail olmuş, beynəlxalq iqtisadi münasibətlər sistemində özünəməxsus və aparıcı mövqe qazanmışdır. Bütün regional layihələrdən kənarda qalan Ermənistanın mövcud vəziyyətindən fərqli olaraq, Azərbaycan regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və dövlətlərarası qarşılıqlı asılılığın möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüslərlə çıxış etmişdir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri regionun inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Avropa ilə Asiya arasında iqtisadi və strateji əlaqələrin güclənməsinə də mühüm töhfə vermişdir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanın regional təşəbbüskarlığının və beynəlxalq əməkdaşlıq imkanlarının bariz nümunələridir. Bu layihələr sayəsində Azərbaycan təkcə özünün enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin etməmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsində etibarlı tərəfdaş kimi çıxış etmişdir.
Eyni zamanda, ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit imkanlarından səmərəli istifadə etməsi Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına və regional logistika mərkəzinə çevirmişdir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız Azərbaycanın iqtisadi potensialının artırılmasına deyil, həm də region dövlətləri arasında ticarət dövriyyəsinin genişlənməsinə, yeni iqtisadi imkanların yaranmasına, investisiya mühitinin yaxşılaşmasına və beynəlxalq bazarlara çıxış imkanlarının artmasına şərait yaratmışdır. Azərbaycanın təşəbbüslərinin əhəmiyyəti onunla səciyyələnir ki, bu layihələr yalnız milli maraqlara xidmət etməklə məhdudlaşmır, eyni zamanda çoxsaylı dövlətlərin, o cümlədən region ölkələrinin iqtisadi və strateji mənafelərinin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Ölkəmizin beynəlxalq nəqliyyat və enerji layihələrində fəal iştirakı, yeni əməkdaşlıq platformalarının formalaşdırılması və iqtisadi tərəfdaşlıq coğrafiyasının genişləndirilməsi Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunu daha da artırır.
Bununla yanaşı, Azərbaycanın regional təşəbbüsləri həyata keçirmək üçün zəruri maliyyə, infrastruktur və siyasi iradəyə malik olması ölkəmizin müstəqil iqtisadi siyasət yürüdən, strateji qərarlar qəbul edən və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan dövlət olduğunu təsdiqləyir. Beləliklə, Azərbaycan reallaşdırdığı transmilli layihələr vasitəsilə yalnız regionun enerji və nəqliyyat xəritəsini yenidən formalaşdırmamış, həm də Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına istiqamət verən mühüm güc mərkəzlərindən birinə çevrilmişdir. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun və regional liderlik mövqeyinin möhkəmlənməsinin, eyni zamanda Azərbaycanın milli maraqlarını beynəlxalq əməkdaşlığın genişlənməsi ilə uzlaşdırmaq bacarığının mühüm göstəricisidir.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın yalnız hərbi-siyasi qüdrətini deyil, həm də beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və milli maraqlarını təmin etmək əzmini nümayiş etdirmişdir. 8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, dövlətimizin gücünün və müstəqil siyasətinin təntənəsi olmaqla yanaşı, regionda yeni geosiyasi və iqtisadi reallıqların formalaşmasına da zəmin yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkəmizin regional inkişaf, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi əməkdaşlıq imkanlarının reallaşdırılması istiqamətində mövqelərini daha da gücləndirmişdir. Beləliklə, Zəfər Günü Azərbaycanın müasir tarixində yalnız hərbi Qələbənin deyil, həm də güclü dövlətçilik iradəsinin, iqtisadi potensialının və beynəlxalq nüfuzunun təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri























