AZƏRBAYCANDA DAĞ-MƏDƏN SƏNAYESİ İNKİŞAF ETMƏKDƏDİR!
Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən və metallurgiya sektoru mühüm hərəkətverici qüvvəyə çevrilməkdədir. Ölkənin zəngin təbii resurs potensialı, müasir texnologiyaların tətbiqi və sənaye zonasında yaradılan əlverişli investisiya mühiti bu sahənin keyfiyyətcə yeni müstəviyə çıxarılmasını vacib şərt kimi irəli sürür. Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm imkanlar yaradır. Bununla belə, uzun illər ərzində mövcud potensialdan tam və səmərəli istifadə etmək mümkün olmayıb. İşğal faktoru da Azərbaycanın bir sıra mühüm mineral yataqlarından istifadəsini məhdudlaşdıran əsas amillərdən biri olub. Cənab Prezident İlham Əliyev sentyabrın 22-də “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını həm obyektiv, həm subyektiv səbəblərə görə əngəlləyən səbəblərdən söz açıb. Bildirib ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını, yəni qızıl, mis, molibden yataqlarımızı talamaqda da davam etdirirdi.
İşğal dövründə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı məsələsi də bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qızıl, mis, molibden və digər mineral yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə istismar edilib. Keçmiş işğal dövründə Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsullarının (qızıl, mis, sink və s.) xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil edilib. Hətta bəzi mənbələrə görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Bu işdə erməni vandallarına bəzi xarici şirkətlər də yardımçı olub. Bu baxımdan, ərazilərin işğaldan azad olunması yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil, həm də ölkənin təbii resurslarından öz iqtisadi inkişafı naminə istifadə imkanlarının genişlənməsi baxımından yeni mərhələ yaradıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri mövcud yataqların müasir üsullarla öyrənilməsi, onların ehtiyatlarının dəqiqləşdirilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsidir. Cənab Prezident, həmçinin vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan konkret mexanizmlər əsasında dağ-mədən sənayesi inkişaf etdiriləcək, birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqlar tezliklə işə salınacaq: “Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq. Cənab Prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində – 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev





















