Azərbaycançılıq ideologiyası – milli birlikdən dövlətçilik düşüncəsinə gedən yol
3 oktyabr 1993-cü il Azərbaycan tarixində yalnız dövlət başçısının seçilməsi ilə yadda qalan tarix deyil. Bu gün müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və cəmiyyətin vahid ideoloji dəyərlər ətrafında səfərbər edilməsi baxımından mühüm mərhələnin başlanğıcı kimi səciyyələnir. Həmin gün ümumxalq səsverməsi ilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin qarşısında duran mürəkkəb dövlətçilik vəzifələrinin həllinə yeni siyasi istiqamət verdi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasında milli ideologiya xüsusi yer tuturdu. Onun formalaşdırdığı azərbaycançılıq məfkurəsi yalnız etnik mənsubiyyət anlayışı ilə məhdudlaşmır, Azərbaycan dövlətinə bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət, dövlətçilik ənənələrinin qorunması, ana dilinə və tarixi yaddaşa ehtiram kimi fundamental prinsipləri özündə birləşdirirdi. Bu baxımdan azərbaycançılıq müxtəlif dünyagörüşünə, dini etiqada və etnik mənsubiyyətə malik insanların vahid Azərbaycan cəmiyyəti kimi birliyini ifadə edən ümummilli ideya kimi meydana çıxmışdır. Rəsmi mənbələrdə də Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi ideoloji əsasların formalaşdırılması və azərbaycançılıq ideyasının dövlətçilik düşüncəsində möhkəmləndirilməsi qeyd olunur.
Azərbaycançılığın mahiyyətini daha aydın dərk etmək üçün onun tarixi yaddaşla əlaqəsinə diqqət yetirmək vacibdir. Milli ideologiya, ilk növbədə, xalqın özünü tanımasına, keçmişini dərk etməsinə və gələcəyini müstəqil dövlətçilik prinsipləri əsasında müəyyənləşdirməsinə xidmət edir. Heydər Əliyevin yanaşmasında milli və ümumbəşəri dəyərlər bir-birini tamamlayan anlayışlar idi. O, Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulmasını milli-mənəvi irsin qorunması, müasir dünyaya inteqrasiya və dövlət maraqlarının müdafiəsi ilə əlaqələndirirdi.
Azərbaycançılıq ideyasının mühüm xüsusiyyətlərindən biri onun ölkə sərhədləri ilə məhdudlaşmamasıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi Heydər Əliyevin siyasətində xüsusi istiqamət təşkil edirdi. 1991-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu istiqamətdə atılmış mühüm addımlar sırasında yer alır. Həmin qurultay dünya azərbaycanlılarının təşkilatlanması və azərbaycançılıq ideyası ətrafında birliyinin gücləndirilməsi baxımından yeni mərhələ yaratdı.
Ulu Öndərin “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır” fikri bu məfkurənin mahiyyətini lakonik şəkildə ifadə edir. Burada dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərin vəhdəti ön plana çəkilir. Başqa sözlə, azərbaycançılıq keçmişə bağlılıqla kifayətlənməyən, milli kimliyi müasir dövlətçilik və vətəndaş həmrəyliyi ilə birləşdirən düşüncə sistemidir.
Bu gün azərbaycançılıq anlayışı müstəqil Azərbaycanın siyasi və ictimai həyatında milli həmrəyliyin mühüm ideoloji dayaqlarından biri kimi təqdim olunur. Onun əsas məzmununu Azərbaycan dövlətinə sədaqət, milli maraqların qorunması, tarixə və mədəni irsə hörmət, Azərbaycan dilinə bağlılıq, ölkənin gələcəyinə məsuliyyət və dünya azərbaycanlıları ilə həmrəylik təşkil edir. Bu baxımdan 3 oktyabr 1993-cü il yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də milli dövlətçilik düşüncəsinin sistemli şəkildə möhkəmləndirilməsi istiqamətində dönüş nöqtələrindən biri kimi tarixdə öz yerini tutur.
Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini























