Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır.
Doğma torpaq insan üçün sadəcə yaşadığı yer deyil, onun keçmişi, xatirələri və mənəvi dünyasıdır. Azərbaycan xalqı da illər ərzində doğma yurdlarından ayrı düşən insanların ağrısını öz ağrısı kimi yaşayıb. İşğal altında olan torpaqlarımızın azad ediləcəyinə inam isə heç vaxt itirilməyib. Uzun illər ərzində Qarabağ və ətraf rayonlardan didərgin düşmüş ailələr öz evlərinə qayıtmaq ümidi ilə yaşadılar. Onlar doğma kəndlərini, şəhərlərini, evlərini və keçmişlərini unutmadılar. Hər bir azərbaycanlı üçün bu torpaqların adı və taleyi daim gündəmdə oldu.
Azərbaycan xalqının işğalla barışmadığını göstərən əsas amillərdən biri də milli yaddaşın qorunması idi. Qarabağ həqiqətləri ailələrdə, məktəblərdə və cəmiyyətdə gələcək nəsillərə çatdırıldı. Doğma torpaqlara qayıdış arzusu nəsildən-nəslə ötürüldü. Bu illər ərzində Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərdi. Ölkəmizin iqtisadi və hərbi gücünün artırılması, ordunun möhkəmləndirilməsi və beynəlxalq müstəvidə aparılan işlər bu siyasətin mühüm istiqamətlərindən oldu.
Vətən müharibəsi xalqımızın illər boyu qoruduğu ümidin reallaşdığı tarixi dövr kimi yadda qaldı. Azərbaycan əsgər və zabitləri döyüş meydanında böyük qəhrəmanlıq göstərdilər. Xalqımız isə müharibə günlərində ordu ilə birlikdə olduğunu nümayiş etdirdi. Bu yolda çox ağır itkilərimiz də oldu. Minlərlə ailə öz doğmasını Vətən uğrunda itirdi. Şəhidlərimizin fədakarlığı qarşılığında qazanılan qələbə xalqımız üçün həm qürur, həm də böyük məsuliyyət hissi yaratdı. Onların xatirəsini yaşatmaq hər birimizin borcudur. 27 Sentyabr – Anım Günü bizə məhz bu şərəfli və ağır yolu xatırladır. Bu tarixdə Vətən uğrunda canından keçən şəhidlərimizin qarşısında ehtiramla baş əyirik. Onların göstərdiyi qəhrəmanlıq və Azərbaycan xalqının Vətənə bağlılığı gələcək nəsillər üçün daim örnək olacaq. Azərbaycan xalqı öz torpaqlarına olan bağlılığını heç vaxt itirmədi. İşğal illərində qorunan qayıdış ümidi və Vətən sevgisi xalqımızın milli yaddaşında yaşadı. Bu gün şəhidlərimizin xatirəsi, qazilərimizin fədakarlığı və Vətən müharibəsinin tarixi dərsləri daim xatırlanır.
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov




















