AZƏRBAYCAN TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINDA TƏHLÜKƏSİZLİYƏ BÖYÜK DƏSTƏK VERİR!
Tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. «Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir» söyləyən cənab İlham Əliyevin təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu türk dövlətləri arasında münasibətlərin yeni mərhələyə yüksəldiyinin göstəricisidir. Artıq təşkilat yalnız tarixi-mədəni yaxınlığın ifadə olunduğu platforma deyil, siyasi-iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm əməkdaşlıq məkanıdır. Cənab Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə qeyd etdiyi fikirlər də təşkilatın mövcud potensialını və qarşıda duran vəzifələri nümayiş etdirir. Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin V iclasının keçirilməsi təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini bir daha təsdiqləyir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kritik infrastrukturların qorunması, terrorçuluq, transmilli təhdidlər və digər risklər dövlətlər arasında koordinasiyanı zəruri edir. TDT-nin son illərdə siyasi, iqtisadi, kommunikasiya bağlantılarının genişlənməsi, eləcə də təşkilatın fəal beynəlxalq platformaya çevrilməsi yönündə atılan prinsipial addımlar təhlükəsizlik faktorunu da ön plana çıxarır. Bakı toplantısı TDT daxilində təhlükəsizliklə bağlı mühüm məsələlərin həlli, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və vahid iş mexanizmlərinin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə çıxış edən cənab Prezident İlham Əliyevin xatırlatdığı kimi, Təşkilat çox böyük beynəlxalq nüfuza malik olan bir təsisatdır və beynəlxalq gündəliyi müəyyən edən müxtəlif formatlarda davamlı faydalı müzakirələr aparır, qlobal arenada öz potensialından maksimum istifadə edir. Təşkilata üzv ölkələrin potensialı kifayət qədər böyükdür və ilbəil güclənir, geniş coğrafi məkanda yerləşməsi isə Qərb və Şərqdə bağlantıların nizamlanmasına, yeni kommunikativ əməkdaşlıqların qurulmasına mühüm töhfə verir. TDT-də təşəbbüskar və lider ölkələrdən biri olan Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən, Mərkəzi Asiyadan Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirən dövlət kimi TDT ailəsində birgə əməkdaşlığın möhkəmlənməsində, rifahının yüksəlməsində xüsusi rol oynayır. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Türk dünyası ilə əlaqələrdir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik və digər yüksək səviyyəli sənədlərin imzalanması ikitərəfli münasibətlərin strateji xarakterini nümayiş etdirir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının mühasibi
Qalib Nağıyev

























