Azərbaycan Silahlı Qüvvələri – gücümüzün və qələbəmizin rəmzi
Yaranmasının 108-ci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd etdiyimiz Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolu, qazandığı uğurlar və əldə etdiyi tarixi qələbələr xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordunun yaradılması haqqında qərarın qəbul edilməsi ölkəmizin tarixində mühüm mərhələ olmaqla, silahlı qüvvələrin formalaşdırılmasına xidmət etmiş, müasir hərbi quruculuğun əsasını qoymuşdur. Sovet hakimiyyəti illərində Azərbaycanın milli hərbi kadrlarının hazırlanması sahəsində müəyyən çətinliklər və ləngimələr müşahidə olunsa da, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başlaması ilə bu istiqamətdə mühüm addımlar atılmış, digər sahələrdə olduğu kimi, hərbi sahədə də peşəkar kadr hazırlığı geniş vüsət almışdır. 1971-ci ildə dahi şəxsiyyətin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması yüzlərlə azərbaycanlı gəncin hərb sənətinə yiyələnməsinə, vətənpərvərlik ruhunda formalaşmasına və peşəkar zabit kimi yetişməsinə şərait yaratmış, sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əvəzsiz rol oynamışlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən ölkəmizdə hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğunun təmin edilməsi və bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində orduda nizam-intizam gücləndirilmiş, pərakəndə silahlı birləşmələr vahid komandanlıq altında birləşdirilmiş, peşəkar hərbi kadr hazırlığına xüsusi diqqət yetirilmiş və Silahlı Qüvvələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Bununla da müasir, döyüş qabiliyyətli və dövlətin milli maraqlarını etibarlı şəkildə qorumağa qadir olan Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və yüksələn xətlə davam etdirilimiş, beynəlxalq standartlara uyğun həyata keçirilən təlimlər, peşəkar kadr hazırlığı və hərbi idarəetmədə tətbiq olunan yeniliklər ordumuzun döyüş potensialını daha da artırmışdır. Davamlı şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu yüksək döyüş hazırlığını, peşəkarlığını və qüdrətini nümayiş etdirərək düşmənin təxribatlarının qarşısını qətiyyətlə almış, qarşı tərəfə sarsıdıcı zərbələr endirərək strateji əhəmiyyətə malik yüksəklikləri və mövqeləri azad etmişdir. Aprel döyüşlərində hərbiçilərimizin nümayiş etdirdiyi şücaətlər Silahlı Qüvvələrimizin gücünü göstərməklə ölkəmizin heç bir zaman işğalla barışmayacağını, ərazi bütövlüyünün bərpası uğrunda qətiyyətli mövqe sərgilədiyini, xalq-dövlət-ordu birliyinin sarsılmazlığını və Azərbaycan dövlətinin öz suveren hüquqlarını təmin etmək əzmində olduğunu bütün dünyaya bir daha bəyan etmişdir. Bu müqəddəs missiyanın davamı olaraq 44 günlük haqq savaşımızda Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlıq göstərərək ölkəmizin ayrılmaz hissəsi olan Qarabağı işğaldan azad etməsi Azərbaycan xalqının milli birliyinin, Prezident İlham Əliyevin sarsılmaz iradəsinin və ordumuzun qüdrətinin parlaq təntənəsinə çevrilərək müasir tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazanılmış şanlı zəfərin məntiqi yekunu olaraq 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunması Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən biri olmasını və qarşısına qoyulan bütün vəzifələrin yüksək peşəkarlıqla icra edildiyini sübut etdi. Biri-birinin ardınca əldə olunan qələbələr Azərbaycan hərb tarixinin ən parlaq səhifələrini yazaraq, Prezident İlham Əliyevin yüksək səviyyəli idarəçilik bacarığını, qətiyyətli rəhbərliyini və uğurlu ordu quruculuğunu bir daha təsdiq etdi. Bu gün hər bir azərbaycanlı qalib ordusunun qüdrəti, rəşadəti ilə fəxr edir, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim dərin ehtiramla yad olunur, qazilərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq yüksək qiymətləndirilir. Onların şücaəti və vətən sevgisi gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır, gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsi kimi yaşayır. Əminliklə demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olacaq, əldə edilmiş uğurları daha da möhkəmləndirərək dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və qürurunun rəmzi kimi yeni nailiyyətlərə imza atacaqdır.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri



















