AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.
Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması istiqamətində mühüm işlər həyata keçirildi. Yeni Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı, ölkənin siyasi, iqtisadi və sosial inkişaf xüsusiyyətləri, beynəlxalq hüququn demokratik prinsipləri nəzərə alındı. Geniş müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təsbit edən, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi tanıyan fundamental hüquqi sənəddir. Əsas Qanunda xalq hakimiyyəti, hakimiyyətlərin bölünməsi, hüquqi dövlət və demokratik idarəçilik prinsipləri öz əksini tapmışdır. Konstitusiya dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, hər bir vətəndaşın hüquq və vəzifələrinin təminatçısı kimi çıxış edir.
Konstitusiyanın qəbul edilməsi Azərbaycanda hüquqi dövlət quruculuğunun əsasını qoydu. Sonrakı illərdə ölkənin qanunvericilik sistemi təkmilləşdirildi, dövlət idarəçiliyi institutları möhkəmləndirildi, məhkəmə-hüquq islahatları həyata keçirildi. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin hüquqi inkişafının, milli dövlətçilik ənənələrinin və demokratik idarəçilik sisteminin əsasını təşkil edir. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara riayət etmək və konstitusion dəyərləri qorumaq hər bir vətəndaşın borcudur.
1995-ci il Konstitusiyasının qəbul edilməsi müstəqil Azərbaycanın tarixində mühüm mərhələ olmaqla, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin ən əhəmiyyətli nailiyyətlərindən biri kimi qiymətləndirilir. Bu sənəd ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, dövlət müstəqilliyimizin hüquqi təminatını möhkəmləndirən və milli birliyimizi ifadə edən Əsas Qanunumuzdur.
Mehparə Əhmədova – Zərdab şəhər sakini, pensiyaçı























