image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycan Oftalmologiya Məktəbinin Banisi və Elmi İrsinin Əhəmiyyəti

image-legitimaz-810x90

Azərbaycan Oftalmologiya Məktəbinin Banisi və Elmi İrsinin Əhəmiyyəti

 

Azərbaycanda oftalmologiya üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bu təşəbbüs ölkədə oftalmologiya elminin sistemli inkişafına təkan vermiş, elmi tədqiqatların təşkilində yeni mərhələnin başlanğıcını qoymuşdur. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, gənc alimlərin və həkim-oftalmoloqların formalaşmasında mühüm rol oynamışdır.

Onun elmi və insani keyfiyyətləri haqqında ümummilli lider Heydər Əliyev yüksək fikirlər səsləndirmiş, Zərifə Əliyevanı insanların rəğbətini qazanan, həyatı və fəaliyyəti ilə tarixdə əbədi iz qoyan nadir şəxsiyyətlərdən biri kimi dəyərləndirmişdir.Zərifə Əliyevanın beynəlxalq elmi mühitdə böyük maraq doğuran tədqiqatları Azərbaycanın səhiyyə sisteminin nüfuzunun artmasına əhəmiyyətli təsir göstərmişdir. O, Azərbaycan və Rusiya alimləri arasında elmi əməkdaşlığın inkişafına töhfə vermiş, milli oftalmologiya kadrlarının hazırlanmasında və bu sahənin inkişafında mühüm rol oynamışdır.

1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Zərifə Əliyeva təhsilini yüksək nəticələrlə başa vurmuşdur. Onun fəaliyyətə başladığı dövrdə traxoma xəstəliyi Azərbaycanda geniş yayılmış, ağır fəsadlara səbəb olan ciddi ictimai sağlamlıq problemi idi. Bu şəraitdə alim xəstəliyə qarşı mübarizədə fəal iştirak etmiş, həm müalicə, həm də profilaktika sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Onun 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu istiqamətdə aparılan elmi tədqiqatların əsasını təşkil etmişdir.

Zərifə Əliyevanın elmi yaradıcılığı çoxşaxəli olmuşdur. O, “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” və “Xroniki yod intoksikasiyasında oftalmologiya” kimi fundamental monoqrafiyaların müəllifi olmuşdur. Bu əsərlər sənaye sahələrində çalışan insanların görmə sağlamlığının qorunması istiqamətində mühüm elmi baza yaratmışdır.1981-ci ildə oftalmologiya sahəsində qazandığı nailiyyətlərə görə akademik M.İ. Averbax adına mükafata layiq görülməsi onun elmi fəaliyyətinin yüksək qiymətləndirilməsi idi. Bu mükafata layiq görülən ilk qadın alim kimi Zərifə Əliyeva beynəlxalq elmi nüfuz qazanmışdır. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun elmi fəaliyyətinin zirvəsini təşkil etmişdir.

Zərifə Əliyeva həm də qayğıkeş ana kimi övladlarının tərbiyəsinə xüsusi önəm vermişdir. Onun ailəsində yetişən övladlar sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi yer tutur. Prezident İlham Əliyev anasının elmi fəaliyyətini, insanpərvərliyini və ailə qayğısını yüksək qiymətləndirmişdir.2023-cü ildə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması onun irsinə verilən yüksək dəyərin göstəricisidir. Bu münasibətlə Azərbaycan Respublikasında silsilə elmi və ictimai tədbirlər keçirilmişdir. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən görkəmli alim 1994-cü ildə Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün onun məzarı Azərbaycan xalqının ehtiramla ziyarət etdiyi məkanlardan biridir. Akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin parlaq təcəssümüdür. Onun yaratdığı elmi məktəb, zəngin irsi və qazandığı nailiyyətlər Azərbaycan tibb elminin inkişaf tarixində mühüm yer tutur və gələcək nəsillər üçün örnək olaraq qalır.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki