Müasir dünyada informasiya ən dəyərli resurslardan birinə çevrilib. Dünyanın müxtəlif ölkələrində baş verən hadisələr saniyələr ərzində milyonlarla insana çatdırılır. Bu prosesdə Azərbaycan mətbuatı da fəal iştirak edir və qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan mətbuatı zəngin tarixi ənənələrə malikdir. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün müasir texnologiyaların imkanlarından istifadə edərək fəaliyyətini uğurla davam etdirir. Qəzetlər, televiziya kanalları, informasiya agentlikləri və xəbər portalları ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə ictimaiyyətə çatdırırlar.
İnternet və rəqəmsal texnologiyaların inkişafı Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasını daha da gücləndirib. Bu gün ölkəmizin xəbər saytları və digər media platformaları dünyanın müxtəlif ölkələrindən oxunur, xarici media qurumları ilə əməkdaşlıq edir və beynəlxalq informasiya mübadiləsində iştirak edirlər. Bu, Azərbaycanın səsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasına imkan yaradır. Qlobal informasiya şəbəkəsinin bir hissəsi olmaq media nümayəndələrinin məsuliyyətini də artırır. Hər bir xəbər dəqiq araşdırılmalı, etibarlı mənbələrə əsaslanmalı və obyektiv şəkildə təqdim edilməlidir.
Peşəkar jurnalistika prinsiplərinə sadiqlik Azərbaycan mətbuatının nüfuzunun qorunmasında mühüm rol oynayır. Müasir Azərbaycan mətbuatı təkcə informasiya yayan vasitə deyil, həm də milli dəyərlərimizin, mədəniyyətimizin və tariximizin dünyaya tanıdılmasına xidmət edir. Rəqəmsal imkanlardan səmərəli istifadə etməklə media qurumları ölkəmiz haqqında dolğun və etibarlı məlumatların beynəlxalq auditoriyaya çatdırılmasına öz töhfəsini verirlər. 22 İyul – Milli Mətbuat Günü münasibətilə milli mətbuatımızın keçdiyi inkişaf yolunu qürurla xatırlayırıq. Bu gün Azərbaycan mətbuatı müasir dövrün tələblərinə uyğun inkişaf edərək qlobal informasiya şəbəkəsində öz layiqli yerini tutur və cəmiyyətin düzgün məlumatlandırılması missiyasını uğurla davam etdirir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova




















