image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260706-wa0135

AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞDIR!

image-legitimaz-810x90

AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞDIR!

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqlar prinsipi əsasında inkişaf etdirir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayenin Azərbaycana işgüzar səfəri də məhz bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşlər, eləcə də mətbuata verilən birgə bəyanatlar göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, nəqliyyat, rəqəmsal transformasiya, yaşıl enerji, investisiya, ticarət və regional təhlükəsizlik kimi strateji istiqamətləri də əhatə edir. Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün 1992-ci il yanvarın 24-də Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycanın Avropa ilə münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət kursu nəticəsində formalaşmışdır. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, demokratik institutların inkişafı, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatlar bu siyasətin mühüm nəticələri idi. Cənab Prezident İlham Əliyev isə bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu gün ölkəmiz Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu Avropa üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması, TANAP və TAP layihələrinin istismara verilməsi Avropanın enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın əvəzsiz rolunu nümayiş etdirir. Səfər zamanı regional təhlükəsizlik və sülh məsələləri də geniş müzakirə olundu.
Avropa Komissiyasının Prezidenti Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsini yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəni xüsusi vurğuladı. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz həm də mühüm diplomatik təşəbbüslərin müəllifi, beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı, müxtəlif sivilizasiyalar arasında dialoqu təşviq edən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər ölkənin müstəqillik əldə etməsindən sonra mərhələli şəkildə inkişaf edib. Bu əməkdaşlıq siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, rəqəmsal inkişaf və yaşıl enerji kimi müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan–Aİ münasibətləri 2022-ci ildən əsas gündəm olan “Cənub Qaz Dəhlizi” və qaz tədarükü məsələlərindən daha geniş miqyası və müxtəlif istiqamətləri əhatə edən yeni münasibətlər sisteminin formalaşmasına doğru inkişaf edir. Ümumiyyətlə, Ursula Fon der Lyayenin Azərbaycana növbəti səfəri iki mühüm məqamla fərqlənir. Birincisi, bu səfər 2022-ci ildə başlanmış enerji tərəfdaşlığının nəticələrinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. İkincisi isə əməkdaşlığın enerji sektorundan daha geniş iqtisadi və regional inteqrasiya istiqamətlərinə keçidini nümayiş etdirir. Artıq enerji əməkdaşlığı ilə yanaşı, Orta Dəhlizin inkişafı, rəqəmsal bağlantılar, yaşıl enerji layihələri və regional nəqliyyat infrastrukturu məsələləri də münasibətlərin aparıcı istiqamətlərinə çevrilir. Avropa Komissiyası Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı məqsədilə 200 milyon avro həcmində yeni maliyyə paketini elan edib.
Bundan əlavə, sərhədyanı icmaların inkişafı, minatəmizləmə, səhiyyə və kiçik biznes layihələri üçün əlavə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulur ki, bu da yaxın gələcəkdə Azərbaycan–Aİ münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Bu təşəbbüs göstərir ki, Aİ Azərbaycanı artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat-logistika qovşağı kimi dəyərləndirir. Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sabitliyin, iqtisadi əməkdaşlığın və davamlı inkişafın təşviqində mühüm rol oynayan dövlətdir. Avropa İttifaqı ilə strateji tərəfdaşlığın genişlənməsi ölkəmizin iqtisadi potensialını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir. Aparılan müzakirələr və mətbuata açıqlanan bəyanatlar belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətində strateji tərəfdaş statusunu daha da möhkəmləndirməkdədir. Ursula Fon der Lyayenin Bakı səfərləri göstərir ki, qarşılıqlı əməkdaşlıq artıq yalnız enerji sektoru ilə məhdudlaşmır, həm də regional sabitliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın mühüm elementinə çevrilib. Bu isə gələcək illərdə Azərbaycan–Aİ münasibətlərinin daha da dərinləşməsi üçün əlverişli siyasi və iqtisadi zəmin yaradır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki