Azərbaycan dilinin müasir dövrdə qorunması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti
Azərbaycan dili xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və zəngin mədəni irsini yaşadan əsas mənəvi dəyərlərdən biridir. Müstəqil Azərbaycanın dil siyasəti Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji prinsiplər əsasında formalaşmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq ardıcıl şəkildə inkişaf etdirilmişdir. Qloballaşma, rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dilinin qorunması, tətbiq dairəsinin genişləndirilməsi və normalarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu istiqamətdə qəbul olunan mühüm normativ-hüquqi sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı olmuşdur. Həmin Sərəncam informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq Azərbaycan dilinin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsinə, elektron resursların zənginləşdirilməsinə, dil texnologiyalarının inkişafına və dövlət dilinin internet məkanında mövqeyinin möhkəmləndirilməsinə xidmət edən mühüm strateji sənəddir. Sərəncam çərçivəsində elektron informasiya resurslarının təkmilləşdirilməsi, Azərbaycan dilinin müasir informasiya-kommunikasiya texnologiyalarında tətbiqinin genişləndirilməsi və dilin rəqəmsal mühitdə qorunması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadə sahəsində nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalanmışdır. Bu Fərman dövlət dilinin ictimai həyatın bütün sahələrində düzgün tətbiqinin təmin edilməsinə, Azərbaycan ədəbi dil normalarının qorunmasına və dil mədəniyyətinin yüksəldilməsinə yönəlmiş kompleks tədbirləri müəyyən etmişdir. Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmış, bu qurum 23 noyabr 2024-cü il tarixinədək dövlət dilinin tətbiqinə nəzarət funksiyasını həyata keçirmişdir. Bu fəaliyyət dövlət dilinin cəmiyyət həyatında düzgün və səmərəli istifadəsinin təmin olunmasına mühüm töhfə vermişdir.
Azərbaycan dilinin elektron mühitdə, dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində geniş tətbiqinin təmin olunması həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm nəticələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş hüquqi sənədlər və institusional islahatlar Azərbaycan dilinin zənginliyinin qorunmasına, ədəbi dil normalarına riayət olunmasına və onun müasir dünyanın çağırışlarına uyğun inkişaf etdirilməsinə möhkəm zəmin yaratmışdır. Bu siyasət milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlət dilinin nüfuzunun daha da yüksəldilməsinə və Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə xidmət edən strateji istiqamət kimi öz aktuallığını qoruyub saxlayır.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc




















