image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-21-fevral-beynalxalq-ana-dili-gunudurjpg_1771622805

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

image-legitimaz-810x90

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, zəngin mədəni irsini və dövlətçilik ənənələrini yaşadan ən mühüm milli sərvətlərdən biridir. Müstəqil dövlətin əsas atributlarından biri onun dövlət dilidir. Dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda dövlət suverenliyinin, milli birliyin, hüquqi sistemin və ictimai-siyasi həyatın əsas dayaqlarından biri hesab olunur. Məhz buna görə də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında dövlət dili siyasətinin formalaşdırılması və hüquqi əsaslarının möhkəmləndirilməsi dövlət quruculuğunun prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olduğu təsbit edildi. Bununla dövlət dilinin hüquqi statusu ölkənin Əsas Qanununda öz əksini tapdı və Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və bütün sahələrdə tətbiqi dövlətin konstitusion vəzifəsi kimi müəyyən olundu. Bu müddəa müstəqil Azərbaycanın milli dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadı. Dövlət dili siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi və onun tətbiqi ilə bağlı əsas prinsipləri müəyyən etdi. Qanunda xüsusi olaraq vurğulanır ki, “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqini, qorunmasını və inkişaf etdirilməsini öz qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.” Bu müddəa dövlət dilinə verilən yüksək hüquqi və siyasi qiymətin bariz ifadəsidir. Qanunun qəbul edilməsi ilə dövlət idarəçiliyində, qanunvericilik, məhkəmə, təhsil, elm, mədəniyyət, kütləvi informasiya vasitələri və digər sahələrdə Azərbaycan dilinin tətbiqi daha da genişləndirildi. Dövlət orqanlarında rəsmi sənədlərin Azərbaycan dilində hazırlanması, vətəndaşlara göstərilən xidmətlərin dövlət dilində həyata keçirilməsi, təhsil müəssisələrində ana dilinin keyfiyyətli tədrisinin təmin edilməsi və ədəbi dil normalarının qorunması istiqamətində hüquqi mexanizmlər daha da gücləndirildi. Azərbaycan dilinin dövlət dili kimi qorunması yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla soydaşımız üçün də mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunda dünya azərbaycanlılarının ana dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün dövlətin zəruri şərait yaratması ayrıca qeyd olunur. Bu yanaşma Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas mənəvi amillərdən biri olduğunu bir daha təsdiqləyir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dili siyasəti ardıcıl şəkildə davam etdirilir. Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması, rəqəmsal informasiya məkanında tətbiq imkanlarının genişləndirilməsi, terminologiyanın zənginləşdirilməsi və ana dilinin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır. Tarixi təcrübə göstərir ki, dövlət dili milli dövlətçiliyin əsas sütunlarından biridir. Azərbaycan Respublikasının dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Qanun dövlət dilinin hüquqi əsaslarını daha da möhkəmləndirmiş, onun tətbiqi, qorunması və inkişaf etdirilməsini dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən etmişdir. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin suverenliyinin, milli birliyinin, hüquqi dövlət quruculuğunun və milli-mənəvi dəyərlərimizin ən mühüm rəmzlərindən biri olaraq inkişaf edir və gələcək nəsillərə etibarlı şəkildə ötürülür.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Hüseynova Yasəmən Ədalət qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki