Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri kimi hüquqi status qazandı. Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış etdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. 2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana dilimizin qorunması və təbliği istiqamətində dövlət siyasətinin mühüm mərhələsi oldu. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri olduğu xüsusi vurğulandı.
Azərbaycan dilinin yazı normalarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində isə Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində mühüm dövlət proqramları və sərəncamlar qəbul edilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair tədbirlər bu siyasətin əsas istiqamətlərini təşkil edir. 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin saflığının qorunmasına yeni təkan verdi. 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi.Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda Azərbaycan dilinin saflığının qorunması daha da aktuallaşmışdır.Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, media nümayəndələri, dövlət qulluqçuları və xüsusilə gənclər Azərbaycan dilinin normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə etməlidirlər.Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, müstəqillik dövründə isə dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir.Ana dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginliyini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Xarici dilləri öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin.”FAzərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə, dövlətçiliyimizə və gələcəyimizə hörmət deməkdir. Dilimizi yaşatmaq isə Azərbaycanı yaşatmaq deməkdir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc





















