image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_esas

Azərbaycan dili – Müstəqilliyimizin səsi

image-legitimaz-810x90

Azərbaycan dili Müstəqilliyimizin səsi

 

Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə təqvimdə yer alan əlamətdar tarix deyil, həm də xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və mənəvi irsini yaşadan ən mühüm dəyərlərdən birinin – ana dilimizin əzəmətinin təntənəsidir. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək xalqımızın milli varlığını qoruyan, onu gələcək nəsillərə daşıyan mənəvi körpü rolunu oynayıb.

Dövlət müstəqilliyi hər bir xalqın dilinin inkişafı üçün yeni imkanlar açır. Müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızı vahid milli ideya ətrafında birləşdirən ən güclü amillərdən biridir. Bu baxımdan dilin qorunması təkcə filoloqların və ya elm adamlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifədir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dili öz zənginliyi ilə seçilən dillərdəndir və onun ifadə imkanları heç bir xarici sözə ehtiyac yaratmır. Dövlət başçısının fikrincə, əsrlər boyu qorunub saxlanılan dilimizin saflığını müasir dövrdə də təmin etmək hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə dil normalarının qorunması daha da aktuallaşır.

Azərbaycan dilinin tarixi yalnız ünsiyyət vasitəsinin tarixi deyil. Bu dil xalqımızın düşüncə tərzini, mədəniyyətini, ədəbiyyatını, musiqisini və milli-mənəvi dəyərlərini yaşadan zəngin xəzinədir. Tarixin müxtəlif dövrlərində dövlət müstəqilliyinin itirilməsinə baxmayaraq, məhz ana dili xalqın milli kimliyini qoruyub saxlamış, assimilyasiya təhlükəsinin qarşısını almışdır. Bu mənada Azərbaycan dilinin inkişafı dövlətçiliyimizin möhkəmləndirilməsi və milli birliyimizin gücləndirilməsi ilə birbaşa bağlıdır.

Bu gün Azərbaycan dili dünya üzrə 50 milyondan çox insanın ana dilidir. Onun beynəlxalq nüfuzunun artırılması, elmi əsaslarla inkişaf etdirilməsi, müasir terminoloji bazasının zənginləşdirilməsi, müxtəlif lüğətlərin hazırlanması və xaricdə yaşayan azərbaycanlıların dialekt və folklor irsinin öyrənilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dilin yalnız qorunması deyil, eyni zamanda zəmanənin tələblərinə uyğun inkişaf etdirilməsi də milli maraqlar baxımından strateji əhəmiyyət daşıyır.

Xüsusi məsuliyyət isə media, təhsil müəssisələri və mədəniyyət ocaqlarının üzərinə düşür. Kütləvi informasiya vasitələrində, televiziya və radio proqramlarında, internet resurslarında Azərbaycan dilinin ədəbi normalarına riayət olunması cəmiyyətin dil mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir. Ana dilinə hörmət hər bir çıxışda, hər bir yazıda və hər bir informasiya məhsulunda özünü göstərməlidir.

Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşa mühüm bir həqiqəti xatırladır: dil yalnız keçmişimizin yadigarı deyil, həm də gələcəyimizin təminatıdır. Ana dilini qorumaq milli kimliyi qorumaq, milli kimliyi qorumaq isə müstəqil Azərbaycanın sabahına xidmət etmək deməkdir. Dilimizə sevgi, ona hörmət və onun saflığının keşiyində dayanmaq gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli mənəvi mirasdır.

 

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki