image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan dili – Milli kimliyimizin və mənəvi sərvətimizin təməli

image-legitimaz-810x90

Azərbaycan dili – Milli kimliyimizin və mənəvi sərvətimizin təməli

 

Hər il 1 avqust tarixində ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, ana dilimizin inkişaf etdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı və milli kimliyimizi yaşadan ən böyük mənəvi sərvətlərimizdən biridir.

Azərbaycan dili əsrlər boyu zəngin inkişaf yolu keçmiş, görkəmli söz ustalarının yaradıcılığı sayəsində daha da cilalanmışdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər öz əsərləri ilə ana dilimizin zənginliyini və ifadə imkanlarını bütün dünyaya nümayiş etdirmişlər. Bu irs bu gün də Azərbaycan dilinin inkişafına və qorunmasına mühüm töhfə verir.

Müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə, elmdə və bütün ictimai sahələrdə öz layiqli yerini tutmuşdur. Məhz Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyev ana dilimizin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu fikirlər hər bir vətəndaş üçün mühüm çağırışdır. Ana dilinə hörmət etmək, onu düzgün öyrənmək, zənginliyini qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Qloballaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin saflığının qorunması daha böyük əhəmiyyət kəsb edir. Xarici dillərin öyrənilməsi vacib olsa da, ana dilimizin düzgün istifadəsi, ədəbi dil normalarına riayət edilməsi və milli dil mədəniyyətinin inkişaf etdirilməsi cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Xüsusilə gənc nəslin Azərbaycan dilinə sevgi və ehtiram ruhunda yetişdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılmasının əsas şərtlərindəndir.

Azərbaycan dili xalqımızın keçmişi ilə gələcəyini birləşdirən mənəvi körpüdür. Bu dil milli yaddaşımızın, mədəniyyətimizin və dövlətçiliyimizin ayrılmaz hissəsidir. Ana dilimizi qorumaq, zənginləşdirmək və onu hər zaman uca tutmaq hər bir azərbaycanlının müqəddəs borcudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər bir vətəndaşı doğma dilimizi sevməyə, onun saflığını qorumağa və gələcək nəsillərə layiqincə çatdırmağa çağırırıq.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki