Azərbaycan dili gününün təsis edilməsi
Hər il 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin tarixi inkişaf yoluna, zənginliyinə və milli varlığımızın əsas sütunu olmasına diqqəti daha da artırır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın tarixini, mədəniyyətini, milli düşüncəsini və mənəvi dəyərlərini yaşadan ən qiymətli sərvətdir. Müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyev ana dilimizin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir, hər bir vətəndaşı Azərbaycan dilini dərindən öyrənməyə və onu sevərək yaşatmağa çağırırdı. Onun təşəbbüsü ilə Azərbaycan dilinin inkişafına yönəlmiş mühüm qərarlar qəbul edilmiş, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi sürətləndirilmişdir.
Məhz bu siyasətin davamı olaraq, 9 avqust 2001-ci il tarixli sərəncamla 1 Avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edilmişdir. Bu qərar ana dilimizin inkişafına göstərilən dövlət qayğısının və milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsidir. Həmin gündən etibarən hər il ölkəmizdə müxtəlif elmi konfranslar, ədəbi-bədii tədbirlər, sərgilər və maarifləndirici layihələr keçirilərək Azərbaycan dilinin təbliği daha da genişləndirilir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və xarici dillərin təsiri Azərbaycan dilinin qarşısında yeni çağırışlar yaradır. Bəzən dilimizdə qarşılığı olan sözlərin əvəzinə lazımsız xarici ifadələrin işlədilməsi, ədəbi dil normalarına əməl edilməməsi ana dilimizin saflığına mənfi təsir göstərir. Buna görə də Azərbaycan dilini qorumaq yalnız dilçi alimlərin deyil, müəllimlərin, jurnalistlərin, ziyalıların və bütün vətəndaşların ümumi vəzifəsidir.
Ana dilinə sevgi ilk növbədə ailədə formalaşır. Məktəb bu sevgini bilik və mədəniyyətlə zənginləşdirir, cəmiyyət isə onu gündəlik həyatda yaşadır. Gənclərin klassik və müasir Azərbaycan ədəbiyyatını mütaliə etməsi, düzgün danışıq və yazı qaydalarına riayət etməsi dilimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan dili əsrlərin sınağından keçmiş, zəngin söz ehtiyatına və yüksək ifadə imkanlarına malik olan bir dildir. Onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin mənəvi borcudur. Çünki dilini qoruyan xalq öz tarixini, milli kimliyini və dövlətçiliyini də qorumuş olur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər birimizə ana dilimizin dəyərini bir daha xatırladır və onu sevərək yaşatmağın vacibliyini ön plana çıxarır.
Zərdab rayonu, Əlibəyli kənd sakini -Xatirə Şükürova


























