image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Azərbaycan dili gününün təsis edilməsi

image-legitimaz-810x90

Azərbaycan dili gününün təsis edilməsi

Ana dilimiz əsrlər boyu xalqımızın milli varlığını qoruyaraq onun dövlətçilik ənənələrinin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasında dövlət dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev ana dilini xalqın milli sərvəti və dövlət müstəqilliyinin əsas atributlarından biri kimi qiymətləndirirdi. O, dəfələrlə vurğulayırdı ki, hər bir xalqın milli varlığını yaşadan əsas amillərdən biri onun dilidir. Məhz buna görə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Müstəqillik illərində Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və informasiya məkanında geniş tətbiqinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı olmuşdur. Həmin Fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis olunması ana dilimizin dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan dili gününün təsis edilməsinin əsas məqsədi ana dilimizin zənginliyini və saflığını qorumaq, onun cəmiyyət həyatında rolunu daha da gücləndirmək, Azərbaycan əlifbasının tətbiqini genişləndirmək və vətəndaşlarda dövlət dilinə hörmət hissini artırmaqdır. Bu qərar həm də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, ana dilinə sevgi və bağlılığın möhkəmləndirilməsinə xidmət edir. Hər il bu gün münasibətilə ölkənin müxtəlif bölgələrində elmi konfranslar, dəyirmi masalar, kitab sərgiləri, ədəbi-bədii tədbirlər və maarifləndirici layihələr təşkil olunur. Bu tədbirlər Azərbaycan dilinin zəngin imkanlarının təbliğinə və onun cəmiyyət həyatında nüfuzunun artırılmasına mühüm töhfə verir.

XXI əsrdə qloballaşma, rəqəmsal texnologiyaların sürətli inkişafı və xarici dillərin geniş yayılması milli dillər qarşısında yeni çağırışlar yaratmışdır. İnternet, sosial şəbəkələr və beynəlxalq informasiya mühiti dillərin qarşılıqlı təsirini gücləndirsə də, bu proses bəzi hallarda milli dillərin leksik və üslubi xüsusiyyətlərinə mənfi təsir göstərir. Xarici sözlərin həddindən artıq işlədilməsi, ədəbi dil normalarına riayət edilməməsi və qeyri-rəsmi ünsiyyət formalarının geniş yayılması ana dilinin saflığının qorunmasını daha da aktuallaşdırır.

Ulu Öndər Heydər Əliyev bu təhlükələri vaxtında görərək Azərbaycan dilinin qloballaşmanın mənfi təsirlərindən qorunmasını dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə qəbul olunan fərman və sərəncamlar Azərbaycan dilinin normativ bazasının möhkəmləndirilməsinə, rəsmi yazışmalarda və dövlət idarəçiliyində düzgün tətbiqinə, eləcə də təhsil sistemində ana dilinin rolunun artırılmasına xidmət etmişdir. Bu siyasət nəticəsində Azərbaycan dili müasir dövrün tələblərinə uyğun inkişaf edərək dövlət idarəçiliyinin, elmin, təhsilin, mədəniyyətin və kütləvi informasiya vasitələrinin əsas ünsiyyət vasitəsinə çevrilmişdir.

Azərbaycan dili gününün qeyd olunması həm də əlifba islahatlarının uğurla həyata keçirilməsinin rəmzidir. Latın qrafikalı Azərbaycan əlifbasına tam keçid milli mədəniyyətimizin dünya informasiya məkanına inteqrasiyasını sürətləndirmiş, Azərbaycan dilində nəşr olunan kitabların, elmi əsərlərin və elektron resursların geniş yayılmasına şərait yaratmışdır. Bu islahat milli kimliyimizin qorunması ilə yanaşı, müasir informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edilməsinə də mühüm təsir göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, elektron mühitdə istifadəsinin genişləndirilməsi, terminologiyanın zənginləşdirilməsi, ədəbi dil normalarının qorunması və dil mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişaf etməsini təmin etməklə yanaşı, onun milli-mənəvi dəyər kimi gələcək nəsillərə ötürülməsinə də xidmət edir.

Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın tarixini, mədəniyyətini və milli düşüncə tərzini özündə yaşadan mənəvi sərvətdir. Bu sərvətin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Ana dilində düzgün danışmaq, yazmaq, ədəbi dil normalarına əməl etmək və onun zəngin imkanlarından səmərəli istifadə etmək milli dəyərlərə hörmətin göstəricisidir. Xüsusilə gənc nəslin Azərbaycan dilinə sevgi ruhunda tərbiyə olunması milli dövlətçilik ənənələrinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki