image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-213fbb08-f65d-43d7-9a21-9060727f3c8d

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlığın inkişafına mühüm töhfələr verir

image-legitimaz-810x90

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlığın inkişafına mühüm töhfələr verir

Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni çağırışların meydana çıxdığı bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, dialoqun genişləndirilməsi və ortaq maraqlar əsasında tərəfdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bir zamanda Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı, müxtəlif dövlətlər arasında siyasi müzakirələrin inkişafına verdiyi töhfələr və çoxtərəfli əməkdaşlığın təşviqi ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü də bu baxımdan mühüm siyasi və diplomatik əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin oktyabrın 15-də AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, regional və qlobal proseslərdə fəal iştirakının, eləcə də ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə sadiqliyinin bariz ifadəsi olmaqla etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi, dövlətimizin milli maraqlara əsaslanan müstəqil xarici siyasətinin strateji əhəmiyyətini ön plana çıxardı. Dövlət başçısı Azərbaycanın mütəmadi olaraq ikili yanaşmalarla qarşılaşdığını, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı mübarizəni və regionda uzunmüddətli sülhün bərqərar olmasına dair mövqeyini qətiyyətlə və prinsipial şəkildə ifadə etdi. Dərin məzmunlu nitqdə torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycan Respublikasının suverenliyinin tam şəkildə təmin edilməsi istiqamətində keçdiyi tarixi yolun diqqətə çatdırılması da xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində üzləşdiyimiz çətinliklər, Ermənistanın işğalçılıq siyasətinin doğurduğu fəsadlar və beynəlxalq müstəvidə qarşılaşdığımız ədalətsiz yanaşmalar mühüm reallıqlardır. Bütün bu çətinliklərə baxmayaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi, xalqımızın birliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində Azərbaycan qarşıya qoyulmuş strateji məqsədlərə nail oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu, regionda yaranmış reallıqlar isə davamlı sülhün və sabitliyin təmin olunması üçün mühüm imkanlar yaratdı. Qazanılmış tarixi nailiyyətlər Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə, eləcə də dövlətlərarası əməkdaşlığın inkişafında rolunun artmasına zəmin formalaşdırdı. Ölkəmizin AQEM-ə sədrlik etməsi də bu siyasətin və Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi töhfələrin mühüm göstəricilərindən biri, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində əldə etdiyi nailiyyətlərin təzahürüdür. Ötən gün keçirilən 7-ci Zirvə Görüşü kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirakının, təşkilatçılıq imkanlarının və diplomatik potensialının yüksək səviyyədə olduğunun bir daha təsdiqidir. Müxtəlif dövlətlərin nümayəndələrini bir araya gətirən bu cür platformalar regional problemlərin müzakirəsi, ortaq maraqların müəyyənləşdirilməsi və səmərəli tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin yüksək səviyyəli liderliyi və uzaqgörən siyasəti nəticəsində dünya dövlətləri arasında sıx əməkdaşlıq edilən tərəfdaş kimi çıxış edir, qarşıya qoyulan strateji hədəflərə ardıcıl şəkildə nail olunur. Əldə olunan nəticələr göstərir ki, ölkə başçısının məqsədyönlü və prinsipial siyasəti gələcək uğurların bünövrəsi olmaqla, ölkəmizin davamlı inkişafının təmin olunmasına xidmət edir.

İlkin Əliyev,

YAP Zərdab rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki