image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260722-wa0200

AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!

image-legitimaz-810x90

AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!

Azərbaycan və Almaniya arasında rəsmi diplomatik əlaqələr 1992-ci il fevralın 20-də, Almaniyanın Azərbaycanın müstəqilliyini tanımasından qısa müddət sonra qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İyulun 21-də Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının təzahürüdür. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri ilə sıx əməkdaşlıqdır. Bu istiqamətdə atılan addımların miqyasını təsəvvür etmək üçün təkcə bu ay ərzində qarşılıqlı səfərlərin dinamikasına diqqət yetirmək kifayətdir. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında əhəmiyyətli rol oynayacaq, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunması, möhkəmləndirilməsi, iqtisadi amil mühüm rol oynayır. Bütün bu amillər Azərbaycan-Almaniya münasibətlərində özünü nümayiş etdirir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas ölkələrindən biridir. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib.
Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər. Bu yanaşma tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və rəqəmsal transformasiya kimi istiqamətlərdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, bu strateji sənəd cənab Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının mühasibi
Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki