image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9096977c-3704-42f1-885c-8918fb919339

Anım Günü – qəhrəmanlıq tariximizə ehtiramın müqəddəs ünvanı

image-legitimaz-810x90

Anım Günü – qəhrəmanlıq tariximizə ehtiramın müqəddəs ünvanı

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi mənəvi məna daşıyan tarixi gündür. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, xalqımızın milli iradəsini, Vətən sevgisini və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi fədakarlığı bir daha xatırladır.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən hərbçilərimizin və bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.

Anım Günü sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün Azərbaycan xalqının öz şəhidlərinə olan sonsuz minnətdarlığının, onların müqəddəs xatirəsinə bağlılığının mənəvi ifadəsidir. Şəhidlik Azərbaycan cəmiyyətində hər zaman ən uca mənəvi dəyərlərdən biri kimi qəbul olunub. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız da bu müqəddəs ənənəni öz qanları ilə yaşatdılar.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibədə Azərbaycan Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq və fədakarlıq göstərərək işğal altında olan ərazilərimizin azadlığı uğrunda mübarizə apardı. Bu mübarizədə minlərlə hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Onların hər birinin həyat yolu, döyüş əzmi və Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir.

Bu gün ölkəmizin müxtəlif şəhər və rayonlarında şəhidlərin adının əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğı, xatirələrinin daim yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər şəhidlərimizin ailələrinə dövlət səviyyəsində göstərilən ehtiramın mühüm göstəricisidir.

27 Sentyabr saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutun elan edilməsi isə ümumxalq ehtiramının rəmzinə çevrilib. Həmin an Azərbaycan cəmiyyətinin bütün təbəqələri bir amal ətrafında birləşərək Vətən uğrunda həyatını itirən qəhrəmanları yad edir. Bir dəqiqəlik sükut əslində zaman baxımından qısa olsa da, daşıdığı mənəvi məna baxımından olduqca böyükdür.

Anım Gününün əsas mesajlarından biri də şəhidlərimizin xatirəsini yalnız müəyyən tarixlərdə deyil, daim yaşatmaqdır. Çünki azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli Azərbaycan Bayrağı şəhidlərimizin qanı, qəhrəmanlığı və fədakarlığı ilə bağlıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı və həmin ərazilərin yenidən dirçəldilməsi şəhidlərimizin arzularının gerçəkləşməsinin mühüm ifadəsidir.

Anım Günü həm də gənc nəslə Vətən anlayışının mahiyyətini aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin həyat və döyüş yolu göstərir ki, Vətən sevgisi yalnız sözlə deyil, əməllə sübut olunur. Onların qəhrəmanlığı Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsidir və bu qəhrəmanlıq yaddaşlarda daim yaşayacaq.

27 Sentyabrda bir daha şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, adları isə azad və bütöv Azərbaycanın tarixində daim ehtiramla çəkiləcək. Anım Günü məhz bu əbədi yaddaşın, sonsuz minnətdarlığın və Vətən qarşısında mənəvi borcun ifadəsidir.

 

Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki